AZ

Qurban Qurbanov: “Futbolçularım çox böyük qəhrəmanlıq və cəsarət göstərdilər”

“Bakıdakı böyükhesablı məğlubiyyətdən sonra komandanı psixoloji cəhətdən qarşılaşmaya kökləmək asan deyildi”.

İdman.Biz-in məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Nyukasl”a qarşı keçirdikləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis məğlub olduqları qarşılaşmanı şərh edib: "Əvvəlcə futbolçularıma təşəkkür etmək istəyirəm. Onlar Çempionlar Liqasında maraqlı futbol mövsümü keçirdilər. Cari mövsüm Çempionlar Liqasında İngiltərə klublarına qarşı matçlar bizim üçün böyük təcrübə oldu. Oyunçularımın hər birindən çox razıyam. “Nyukasl”la cavab matçında da özlərini çox yaxşı tərəfdən göstərdilər. Baxmayaraq ki, Bakıdakı böyükhesablı məğlubiyyətdən sonra komandanı psixoloji cəhətdən qarşılaşmaya kökləmək asan deyildi. Matçın əvvəlində buraxılan 2 qoldan sonra oyunçular özlərini ələ ala bildilər”.

Qurban Qurbanov İngiltərə klubunun azarkeşlərinə minnətdarlığını bildirib: “Onlar bu oyuna öz klublarını dəstəkləməyə gəlmişdilər. Bununla belə, ara-sıra bizim qurduğumuz yaxşı hücumlara da əl çalırdılar. “Nyukasl” komandasına qarşıdakı matçlarda uğurlar arzu edirəm. Və öz azarkeşlərimizə də təşəkkürlərimi çatdırıram. Tərəfdarlarımız həm səfər, həm də ev oyunlarında bizi yalnız qoymadılar”.

Baş məşqçi Azərbaycan futbolu ilə Avropa futbolunu müqayisə də edib.

“İngilis futbolu Avropa futbolundan çox fərqlənir. Belə bir təcrübə ilə komandanı oyuna hazırlamaq bizim üçün önəmli oldu.

Biz bir addım irəli gediriksə, Avropa futbolu daha çox irəli gedir. Biz onsuz da onlardan geridəyik, amma onlar yenə də daha sürətlə inkişaf edirlər. Əvvəllər futbolda bu qədər detallar yox idi. Futbol həddindən artıq sürətlə inkişaf edir. Avropa ümumiyyətlə futbola çox böyük yatırımlar qoyur. Futbol sadəcə 11 futbolçunun çıxıb məşq etməsi deyil. Burda detallar çoxdur və biz çox geridəyik. Bu amillərə baxmayaraq, futbolçularım çox böyük qəhrəmanlıq göstərdilər, çox böyük cəsarət göstərdilər”, - Qurbanov deyib.

Qeyd edək ki, “Nyukasl” – “Qarabağ” matçı ev sahiblərinin 3:2 hesablı qələbəsi ilə bitib. Tərəflər arasında keçirilən ilk görüşdə də İngiltərə təmsilçisi (6:1) qalib gəldiyindən, “köhlən atlar” Çempionlar Liqasında mübarizəni dayandırıb.

İdman.Biz
Seçilən
22
33
idman.biz

10Mənbələr