QHT.az xəbər verir ki, Taylandın Çianq May əyalətində yerləşən iki məşhur turizm parkında – Tiger Kingdom Mae Taeng və Tiger Kingdom Mae Rim-də 8–19 fevral tarixləri arasında iki həftədən az müddətdə 72 pələng tələf olub. Hər iki park ziyarətçilərə pələnglərlə ünsiyyət imkanı təqdim edən tanınmış məkanlardır. İlkin araşdırmalara görə, heyvanlarda yüksək yoluxucu it taun virusu, bəzi hallarda isə bakterial infeksiyalar aşkarlanıb. Qanunsuz heyvan hissələri ticarətinin qarşısını almaq məqsədilə cəsədlər basdırılıb, parklar dezinfeksiya üçün müvəqqəti bağlanıb və işçilər nəzarətə götürülüb. Heyvan hüquqları təşkilatları isə belə məkanlarda vəhşi heyvanların saxlanma şəraitini tənqid edərək, ziyarətçilərlə yaxın təmasın infeksiya riskini artırdığını bildiriblər. Araşdırma davam edir.

Digər tərəfdən, Ukraynada müharibə ətraf mühitə də təsir göstərir. Odessa bölgəsində Tuzlovski Limanı Milli Təbiət Parkında kamera tələləri dron hücumlarından qorxaraq yuvalarını tərk edən çəhrayı flaminqoları qeydə alıb. Nəticədə yumurtalar və uçuşa bilməyən balalar təhlükə altında qalır.

 

R.İmanov