Ukraynanın Dnepr şəhərində fəaliyyət göstərən “Dnepropetrovsk vilayəti azərbaycanlıları liqası”nın təşəbbüsü ilə Xocalı soyqırımına həsr olunan anım tədbiri keçirilib.
XQ xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra soyqırımının xronikasını əks etdirən fotomateriallar nümayiş olunub.
Liqanın sədri Sərxoş İsmayılov, tanınmış tarixçi Eldar Tağıyev və digərləri məzmunlu və emosional çıxışlar edib, törədilən soyqırımı haqqında ətraflı məlumat veriblər.
Tədbirin ən təsirli məqamlarından biri həftəsonu məktəbinin şagirdlərinin çıxışı olub. Onlar vətənpərvər şeirlər səsləndirib, itkilərin ağrısını ifadə ediblər. Bu, Ukraynada böyüyən azərbaycanlı gənclərin öz köklərini və tarixini unutmadığının sübutu kimi qiymətləndirilib.