Bakı, 24 fevral, N.Həsənova, AZƏRTAC
Dünya bazarında neft qiymətlərinin artması Azərbaycan iqtisadiyyatı üçün ilk növbədə maliyyə imkanlarının genişlənməsi deməkdir. Bildiyiniz kimi, ölkəmizin ixracının təxminən 88 faizi və büdcə gəlirlərinin əhəmiyyətli hissəsi neft sektorundan formalaşır. Bu baxımdan, neftin 1 dollar bahalaşması belə Azərbaycanın ixrac gəlirlərinin təxminən 300 milyon dollar, büdcə gəlirlərinin isə 150 milyon dollar artması deməkdir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında iqtisadçı-ekspert, beynəlxalq idarəetmə sistemləri üzrə mütəxəssis Asif İbrahimov səsləndirib.
Onun sözlərinə görə, neft qiymətlərinin yüksəlməsi dövlət büdcəsinə əlavə vəsaitlərin daxil olmasına, Dövlət Neft Fondu vasitəsilə valyuta ehtiyatlarının artmasına və ümumilikdə makroiqtisadi sabitliyin güclənməsinə şərait yaradır: “Bu isə sosial layihələrin maliyyələşdirilməsi, infrastrukturun inkişafı, eləcə də manatın məzənnəsinin qorunması baxımından mühüm əhəmiyyət kəsb edir. Neft gəlirlərinin artması iqtisadi artımı stimullaşdıran amillərdən biridir. Digər tərəfdən, neft gəlirlərinin artması dövlət xərclərinin genişlənməsinə, infrastruktur layihələrinin icrasının sürətləndirilməsinə, regionların inkişafına əlavə təkan verir, həmçinin əməkhaqlarının, pensiya və sosial ödənişlərin artırılması üçün fiskal baza yaradır. Dövlət investisiyalarının artması tikinti sektorunun, xidmət sahələrinin, nəqliyyat və logistika sektorunun aktivləşməsinə səbəb olur”.
Asif İbrahimovun sözlərinə görə, neft qiymətlərinin artması qısamüddətli dövrdə müsbət effekt versə də, uzunmüddətli dövrdə əsas prioritet bu gəlirlərin iqtisadiyyatın diversifikasiyasına yönəldilməsi olmalıdır.
“Çünki dayanıqlı iqtisadi inkişaf yalnız neft gəlirlərinə deyil, güclü qeyri-neft sektoruna əsaslanmalıdır. Əgər əldə olunan əlavə gəlirlər istehlaka deyil, sənayeləşmə, ixracyönümlü istehsal, texnologiya, kənd təsərrüfatı və yüksək əlavə dəyər yaradan sahələrin inkişafına yönəldilərsə, bu zaman neft gəlirləri ölkənin real və davamlı iqtisadi gücünə çevrilə bilər. Əks halda, neftdən asılılıq davam edər və gələcəkdə neft qiymətlərinin azalması yenidən iqtisadi risklər yarada bilər. Bu baxımdan, mövcud yüksək neft qiymətləri dövrü Azərbaycan üçün bir fürsət pəncərəsi kimi qiymətləndirilməlidir və əsas prioritet bu vəsaitlərin iqtisadiyyatın şaxələndirilməsinə, qeyri-neft sektorunun gücləndirilməsinə və dayanıqlı inkişaf modelinin formalaşdırılmasına yönəldilməsi olmalıdır”, - deyə o bildirib.