Azertag saytından alınan məlumata görə, ain.az bildirir.
Bakı, 24 fevral, AZƏRTAC
Azərbaycan, Gürcüstan və Türkiyə arasında iqtisadi, siyasi və mədəni sahələrdə sıx əməkdaşlıq mövcuddur. Tam əminliklə deyə bilərik ki, bu əməkdaşlıq artıq adi tərəfdaşlıq çərçivəsindən çıxaraq daha yüksək səviyyəyə çatıb.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin xarici əlaqələr komitələrinin onuncu üçtərəfli iclasında çıxışı zamanı səsləndirib.
O bildirib ki, Azərbaycan, Türkiyə və Gürcüstan Cənubi Qafqazda və daha geniş coğrafiyada sabitliyin və əlaqəliliyin sütunlarıdır. Ortaq maraqlar, birgə enerji layihələri və nəqliyyat dəhlizləri regionumuzu Şərq və Qərb arasında mühüm körpüyə çevirib. Qaz və neftlə yanaşı, yeni bərpaolunan enerji mənbələrini inkişaf etdirir, rəqəmsallaşma və sənayeləşmə sahələrində əməkdaşlığımızı gücləndiririk.
“Elə bir sahə yoxdur ki, ölkələrimiz orada əməkdaşlıq etməsin. Hərbi və təhlükəsizlik sahəsində əməkdaşlığımız güclüdür, silahlı qüvvələrimiz birgə təlimlər keçirir və qarşılıqlı təcrübə mübadiləsi aparırlar. Mədəni və humanitar sahələrdə əməkdaşlıq da dinamik xarakter daşıyır. Parlamentlərarası əlaqələr isə əsas siyasi sütunlarımızdan biridir və üçtərəfli əməkdaşlıqda xüsusi yer tutur”,- deyə S.Seyidov vurğulayıb.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.