AZ

“Regional problemlər region ölkələri tərəfindən həll olunmalıdır” - FUAD OKTAY

“İrəliləmək və ortaq məqsədlərimizi həyata keçirmək üçün regional problemlərin məhz region ölkələri tərəfindən, birlikdə həll olunması daim prioritetimiz olub. Bu yanaşmanı xüsusilə parlamentar diplomatiya vasitəsilə irəli aparırıq”.

SİA xəbər verir ki, bu sözləri Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici Əlaqələr Komitəsinin sədri, sabiq vitse-prezident Fuad Oktay Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin xarici əlaqələr komitələrinin onuncu üçtərəfli iclasında çıxışı zamanı deyib.

Fuad Oktay bildirib ki, Azərbaycan-Gürcüstan-Türkiyə formatında əməkdaşlıq uğurla inkişaf edir və bu proses yalnız iqtisadiyyat, müdafiə, enerji və nəqliyyat sahələri ilə məhdudlaşmır: “Mədəniyyət, təhsil və humanitar istiqamətlərdə də əməkdaşlığımız dərinləşir. İkitərəfli və üçtərəfli mexanizmlər getdikcə daha sistemli xarakter alır. Dövlətlərarası münasibətlərlə yanaşı, xalqlarımız arasında mövcud olan tarixi və mədəni bağlar bu əməkdaşlığın möhkəm təməlini təşkil edir”.

Komitə sədri vurğulayıb ki, Cənubi Qafqazda sülh və sabitlik hər zaman Türkiyə üçün prioritet olub: “Bu gün artıq yeni mərhələyə qədəm qoymuşuq və uzunmüddətli, davamlı sülh üçün real imkanlar mövcuddur. Azərbaycan ilə Ermənistan arasında aparılan sülh prosesinə Türkiyə açıq şəkildə dəstək verir. Bu proses bütövlükdə region üçün iqtisadi inkişaf, rifah və təhlükəsizlik vəd edir”.

Fuad Oktay qeyd edib ki, Gürcüstan da regional əməkdaşlıq və iqtisadi layihələrdən faydalanacaq: “Reallaşdırılan enerji və nəqliyyat layihələri regionu Şərq ilə Qərb arasında mühüm körpüyə çevirir və bütün ölkələr üçün yeni imkanlar açır”.

O, Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına da toxunaraq bildirib ki, Ankaranın əsas prinsipi bütün qonşularla sülh və qarşılıqlı hörmət əsasında münasibətlərin qurulmasıdır: “Azərbaycan-Ermənistan münasibətlərində əldə olunacaq normallaşma Türkiyə-Ermənistan münasibətlərinə də müsbət təsir göstərəcək. Türkiyə regionda rifahın, sabitliyin və əməkdaşlığın möhkəmlənməsi üçün səylərini davam etdirir”.

Fuad Oktay əlavə edib ki, regional dialoq və qarşılıqlı etimadın gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır və Gürcüstanın bu istiqamətdə oynadığı konstruktiv rol yüksək qiymətləndirilir. Regionun gələcəyi əməkdaşlıq, qarşılıqlı hörmət və ortaq strateji baxış üzərində qurulmalıdır.

Müəllif: Günel Fərzəliyeva
Seçilən
10
1
sia.az

2Mənbələr