
Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluq və dələduzluq əməllərində ittiham edilən 1995-ci il təvəllüdlü Ayaz İsgəndərova hökm oxunub.
Onun kibercinayətkarlıq yolu ilə bir neçə vətəndaşa məxsus bank kartlarından külli miqdarda pul oğurladığı bildirilib. İttihama görə, A.İsgəndərov xaricdə yaşayan “Petroviç” soyadlı şəxslə cinayətkar əlaqəyə girib və Azərbaycanda onun üçün “m10” pul kisələri yaradaraq hər birini 300 manata satıb. Kuryer işləyən Ayaz aldığı tapşırıqlar əsasında sosial şəbəkələrdə “ABB-dən payız sürprizi” və digər bu kimi yalan məzmunlu elan yerləşdirib.
Həmin səhifələrdə olan elana inanan müştərilər qeyd olunan güzəştlərdən yararlanmaq məqsədilə yaradılmış saxta səhifələrdəki linklərə daxil olmaqla qeydiyyatdan keçərək anket məlumatlarını, həmçinin onlara məxsus bank kartının üzərindəki 16 rəqəmli nömrəni və “OTP” təhlükəsizlik şifrəsini müvafiq xanalara daxil edib. O və digər şəxslər istintaqla müəyyən edilməyən xüsusi informasiya proqramları vasitəsilə müştərilərin bank kartlarından həmin məxfi məlumatları əldə edib pul vəsaitlərini mənimsəyiblər.
Zərərçəkənlər arasında Milli Qəhrəman Hökümə Əliyevanın atası Cəlil Alıyev də olub. A.İsgəndərov və əlbir olduğu şəxslərin C.Alıyevə məxsus bank hesabından 80 min manatdan artıq pulu ələ keçirdiyi müəyyənləşib. Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılan şəxs barəsində cinayət işi açılıb.
Məhkəmə A.İsgəndərovu Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə təqsirli bilərək 8 il 6 ay həbs cəzasına məhkum edib.