Şimali Koreya lideri Kim Çen Inın bacısı Kim Yo Conq hakim Koreya Fəhlə Partiyasında departament direktoru vəzifəsinə yüksəlib.
"Cebheinfo.az" xəbər verir ki, Şimali Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) Fəhlə Partiyasının 9-cu Qurultayının ilk plenar iclasından sonra verilən rəsmi bəyanatı dərc edib.
Bəyanatda əvvəllər müavin statusunda çalışan Kimin departament direktoru vəzifəsinə yüksələn 17 nəfər arasında olduğu bildirilib. Lakin Kimin partiyanın məhz hansı departamentinə rəhbər təyin edildiyi açıqlanmayıb.
Cənubi Koreyanın "Yonhap" xəbər agentliyinə danışan ekspertlər Kimin Koreya yarımadasında daxili münasibətləri və xarici siyasət strategiyalarını idarə edən təbliğat departamentində fəaliyyət göstərdiyini düşündüklərini qeyd ediblər.
Cənubi Koreya Birləşmə Nazirliyi hadisələrin gedişatını yaxından izlədiklərini bəyan edib.