AZ

İZİA sədri: Məqsədimiz azad edilmiş əraziləri yüksək sənaye potensialına malik məkanlara çevirməkdir

Bakı, 24 fevral, AZƏRTAC

İşğaldan azad edilmiş ərazilərdə yaradılan sənaye parkları qısa müddət ərzində ölkənin iqtisadi xəritəsində mühüm yer tutmağa başlayıb. Artıq bu istiqamətdə əldə olunan konkret iqtisadi göstəricilər həyata keçirilən dövlət siyasətinin real nəticələrini aydın şəkildə nümayiş etdirir.

AZƏRTAC xəbər verir ki, bunu İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) İdarə Heyətinin sədri Seymur Adıgözəlov qurumun 2025-ci ildə fəaliyyəti və qarşıda duran vəzifələrə həsr olunmuş mətbuat konfransında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, ötən illə müqayisədə sənaye parklarında ciddi irəliləyişlər qeydə alınıb. Belə ki, əvvəlki ildə sənaye parkları üzrə satış həcmi 22,3 milyon manat təşkil etdiyi halda, 2025-ci ildə bu göstərici 1 milyard 393 milyon manata yüksəlib.

“Eyni zamanda, ixrac göstəricilərində də əhəmiyyətli artım müşahidə olunub. 2024-cü ildə ixrac 20 min manat olduğu halda, 2025-ci ildə bu rəqəm 62,3 milyon manata çatıb. Bu dinamika işğaldan azad edilmiş ərazilərdə sənayeləşmə prosesinin artıq real iqtisadi nəticələr verdiyini göstərir. Formalaşdırılan sənaye infrastrukturu, investorlar üçün yaradılan əlverişli mühit və tətbiq edilən güzəşt mexanizmləri bölgənin istehsal və ixrac potensialını sürətlə artırır. Əldə olunan nəticələr inkişafın yeni mərhələyə qədəm qoyduğunu deməyə əsas verir”, – deyə Seymur Adıgözəlov vurğulayıb.

İZİA sədri qeyd edib ki, sənaye parklarında fəaliyyət göstərən rezidentlərin sayı artmaqda davam edir, yeni istehsal sahələri yaradılır, müasir texnologiyalar tətbiq olunur və minlərlə yeni iş yeri açılır: “Bu isə öz növbəsində regionun sosial-iqtisadi dirçəlişinə, əhalinin məşğulluğunun təmin edilməsinə və qeyri-neft sektorunun inkişafına mühüm töhfə verir. Əsas məqsədimiz işğaldan azad edilmiş əraziləri yüksək sənaye potensialına malik, ixracyönümlü və innovativ iqtisadi məkanlara çevirməkdir”, – deyə İZİA sədri bildirib.

Seçilən
18
1
azertag.az

2Mənbələr