"Bu gün tez-tez qanunsuz tikilmiş evlərin özəlləşdirilməsi məsələsi qaldırılır. Niyə özəlləşdirilmir? Çünki torpağın kateqoriyasına uyğun şəkildə tikilməyib. Məsələn, kənd təsərrüfatı təyinatlı torpaqda yaşayış evi və ya biznes obyekti tikilib və sonradan onun özəlləşdirilməsi istənilir. Təbii ki, ilk növbədə torpağın kateqoriyası dəyişdirilməlidir, daha sonra özəlləşdirmə məsələsinə baxıla bilər".
Redaktor.az xəbər verir ki, bu fikirləri Milli Məclisin iclasında deputat Siyavuş Novruzov Azərbaycan Respublikasının Mülki Məcəlləsində və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında danışarkən bildirdi.
O əlavə etdi ki, qanun layihəsi göstərir ki, işğaldan azad olunmuş ərazilərdə hava limanları tikilib və Azərbaycanın digər bölgələrində də yenilərinin tikilməsi nəzərdə tutulur:
"Həmçinin dəhlizlərin açılması və digər məsələlərlə əlaqədar yeni hava və dəniz limanlarının salınmasına ehtiyac var. Belə zəruri hallarda hər hansı mülkiyyətçinin öz əmlakını əsassız şəkildə yüksək qiymətə dövlətə təklif etməsi yolverilməzdir. Əgər bu dövlət ehtiyacıdırsa və ölkənin büdcəsi, gələcəyi üçün əhəmiyyət daşıyırsa, həmin əmlak dövlətin müəyyən etdiyi qiymət əsasında dövlət ehtiyacları üçün istifadə oluna bilər. Məsələnin mahiyyəti bundan ibarətdir.
İşğaldan azad olunmuş ərazilərlə bağlı qeyd olundu ki, burada özəl sektor kifayət qədər fəal iştirak edir. İnsanlar həmin ərazilərdə yaşayır və fəaliyyət göstərirlər. Cənab Prezident hər səfərində yeni müəssisələrin açılışını edir, yeni iş yerlərinin yaradılmasına təkan verir. Bu müəssisələrin əhəmiyyətli hissəsi özəl sektor tərəfindən həm dövlət kreditləri, həm də şəxsi vəsaitlər hesabına yaradılıb. Müxtəlif investorlar burada fəaliyyət göstərir. İşlərin görülməsi üçün tenderlər elan olunur və qalib gələn şirkətlər layihələri həyata keçirirlər. Bu gün şəhərsalma ilə bağlı geniş tədbirlər həyata keçirilir və “Şəhərsalma ili” elan olunub. Artıq hər kəsin öz istədiyi formada tikinti aparması mümkün deyil. Dünya təcrübəsinə uyğun, müasir infrastruktura malik, standartlara cavab verən yaşayış evləri inşa olunur və vətəndaşlara təqdim edilir".
Nuriyyə NATİQQIZI