Globalinfo.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Bəhruz Məhərrəmov deyib.
O bildirib ki, Azərbaycan başqa dövlətlərin müstəqilliyinə qəsd və beynəlxalq münaqişələrin həlli üsulu kimi müharibəni konstitusion qaydada rədd edir:
"Təbii ki, biz baş verənlərdən çox narahatıq, amma eyni zamanda bu münaqişə hələ də Prezident İlham Əliyevin liderliyində Azərbaycanın yaratdığı reallıqları dərk etməyənlər üçün bir dərs olmalıdır. Bizim durumumuz Ukraynadan qat-qat ağır olub. Bu gün Ukraynanın ərazi bütövlüyünü tanıyan, ona hərbi-siyasi və maliyyə dəstəyi verən, məcburi köçkünləri ilə bağlı beynəlxalq proqramlar işə salan o güclərin demək olar ki, böyük əksəriyyəti Azərbaycana münasibətdə işğal təcavüz faktorunu, dünya tarixinin ən qanlı soyqırım cinayətlərindən olan Xocalını görməzdən gəlirdi. Bu gün ard-ara qətnamələr, sanksiyalar qəbul edən subyektlər Ermənistanın Azərbaycana təcavüzü qarşısında susurdular. Əksinə, Azərbaycanı işğalla barışdırmaq, münaqişəni donduraraq hər zaman yenidən alovlandırmaq imkanını öz əllərinə saxlamaq istəyirdilər. İndi İlham Əliyev onları fakt qarşısında qoyaraq sülh tərəfdarına çevirib, əslində qələbəmizə qədər heç kim bu bölgədə sülh istəmirdi".
B.Məhərrəmov qeyd edib ki, Prezident vəziyyəti köklü formada dəyişib:
"Biz faktiki olaraq, dünyanın ən azı yarısının təcavüzkarı dəstəklədiyi bir müharibəni məhz İlham Əliyevin sayəsində 44 günə başa vurduq. Bütün dünya birləşib, 4 ildir Ukraynada silahlar susmur, Prezident İlham Əliyev 200 illik konsepsiyaya cəmi 44 günə son qoydu. Bu gün Azərbaycan xalqı qalibdir və sülh, sabitlik şəritində yaşayır. Bundan daha gözəl nemət ola bilməz. Şimal da, Cənub da od içindədir, amma Azərbaycan vətəndaşının müharibə, təhlükəsizlik, sabitlik problemi yoxdur. Sülh və sabitlik şəraitində isə hər şeyə nail olmaq olar. Dünyanın elə bir coğrafiyası yoxdur ki, sosial problem olmasın, amma bizim perspektivdə isə sosial problem müvəqqətidir. Təsəvvür edin, Qarabağ və Şərqi Zəngəzurun quruculuq və bərpasına ayrılan milyardları orada işlər başa çatdıqdan sonra sosial problemlərə yönəldirik. Görün, bizi hansı perspektiv gözləyir.
Bu gün antiazərbaycan dairələri də narahat edən budur ki, Azərbaycanda mövcud sosial problemlər həllini tapmasın, çünki, bu onların insanlara təsir etmək üçün son şanslarıdır. Ona görə də xarici xüsusi xidmət orqanlarının tezisləri əsasında, xüsusən Şimal küləyinin təsirində ictimai fikri çaşdırmaq üçün bütün güclərini səfərbər ediblər. Amma Azərbaycan xalqı da çox yaxşı dərk edir ki, çin-çin pulları alıb dövlət əleyhinə fəaliyyət göstərən partiya funksioneri xalq adını çəkmək haqqını itirib, yaxud antiazərbaycan təlimat alıb qələmini ona görə ayarlayan jurnalist azad söz təmsilçisi ola bilməz. Ən böyük azadlıq, təmin olunması vacib ən əsas haqq möhkəm sülh və dayanıqlı sabitlikdir ki, buna da İlham Əliyevin nail olub".