ain.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.
Orqanizmdə uzun müddət qalan, xüsusilə də daimi estetik dolğuların sağlamlığa təsiri son illər cəmiyyətdə geniş müzakirə olunur. Bəzi iddialarda bu prosedurların gələcəkdə onkoloji xəstəliklərə səbəb ola biləcəyi qeyd edilir. Bəs bu narahatlıqlar nə dərəcədə əsaslıdır?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən tibb üzrə fəlsəfə doktoru, həkim-onkoloq Fərid Museyibov bildirib ki, son dövrlər dolğuların xərçəng yaratması ilə bağlı müxtəlif araşdırmalar aparılsa da, burada əsas məsələ prosedurun necə və kim tərəfindən icra olunmasıdır.

“İlk növbədə pasiyent həkim seçiminə ciddi yanaşmalıdır və dolğu yalnız ixtisaslaşmış plastik-estetik cərrah tərəfindən aparılmalıdır. Onkoloji xəstəliklərin yaranmasına təsir edə bilən amillərdən biri də travmalardır və düzgün icra edilməyən müdaxilələr zamanı toxumalarda zədələnmə riski yarana bilər”.
Onkoloq vurğulayıb ki, dolğuların keyfiyyəti, istifadə olunan materialın mənşəyi və tətbiq müddəti də mühüm rol oynayır. Keyfiyyətli məhsul və peşəkar icra zamanı ciddi fəsadlarla qarşılaşma ehtimalı xeyli azalır.
“Bəzi hallarda dolğular süd vəzisi və ya bədənin digər həssas nahiyələrinə tətbiq olunur. Sonradan baş verən zədələr, yıxılma və travmalar həmin sahələrdə problemlərin yaranmasına səbəb ola bilər və bu baxımdan pasiyentlər daha ehtiyatlı davranmalıdır”.
Həkim pasiyentlərə estetik prosedurlara qərar verməzdən əvvəl riskləri qiymətləndirməyi, yalnız peşəkar mütəxəssislərə müraciət etməyi və sağlamlıq nəzarətini davamlı aparmağı tövsiyə edib.
Aynurə İsmayıl
KONKRET.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.