AZ

Beynəlxalq təhlükəsizlik arxitekturasında yenilik

Sülh Şurasının dövlətlərarası münaqişələrin həllində vasitəçi rolu olacaq

Hazırda beynəlxalq müstəvidə çox mürəkkəb proseslər baş verir. Yeni dünya nizamının formalaşdırılması milli dövlətlər üçün bir çağırışdır. İndiki geosiyasi proseslər fonunda  milli dövlətlərin qlobal sistemdə yeri və rolu, müstəqilliyinin və suverenliyinin qorunması məhz həyata keçirilən siyasətdən, liderin yaxın və uzaq hədəfləri düzgün müəyyənləşdirməsindən asılıdır. Bu kontekstdə Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycanın mövqeyi xüsusi vurğulanmalıdır. Ölkəmizin Sülh Şurasının təsisçi üzvlərindən biri olması özlüyündə mühüm mesajdır. 

Milli Məclisin deputatı Pərvin Kərimzadə qəzetimizə açıqlamasında deyib ki, bu gün Azərbaycan dünyada güclü və nüfuzlu ölkə kimi tanınır. Bunun təməlində dayanan əsas amil isə Prezident İlham Əliyevin milli maraqlara və "Biz birlikdə güclüyük" prinsipinə əsaslanmaqla həyata keçirdiyi siyasətdir: "Buna görə də ölkəmizin milli gücü sarsılmazdır və cənab İlham Əliyev cəmiyyətin bütün sosial təbəqələri tərəfindən əvəzolunmaz Lider kimi qəbul olunur. Eyni zamanda son vaxtlarda baş verən hadisələr, o cümlədən qlobal platformalarda Azərbaycan Prezidentinə göstərilən böyük hörmət və ehtiram ölkəmizin və onun liderinin artan beynəlxalq nüfuzunun göstəricisidir. Nəzərə alaq ki, ABŞ Prezidenti Donald Tramp tərəfindən Azərbaycanın Sülh Şurasının təsisçi dövlətləri sırasına dəvət olunmasında məhz Prezident İlham Əliyevin şəxsi nüfuzu müstəsna rol oynayıb. Yanvarın 22-də dövlətimizin başçısı Davosda Sülh Şurasının Nizamnaməsini imzalayıb. Fevralın 19-da isə Prezident İlham Əliyev Donald Trampın dəvəti ilə Sülh Şurasının ilk iclasında iştirak edib".

Deputatın fikrincə, Sülh Şurası ənənəvi beynəlxalq təşkilatlardan fərqli olaraq, daha məhdud üzvlük və daha çevik prosedurlar əsasında fəaliyyət göstərə bilər. Bu isə qərarların daha sürətli qəbul olunmasına və tətbiqinə imkan verəcək. Eyni zamanda belə bir mexanizm regional güclərin və təsirli dövlətlərin iştirakı ilə formalaşdırılarsa, qəbul edilən qərarların icrası üçün real siyasi iradə təmin edilə bilər. Müasir beynəlxalq münasibətlər sistemində ziddiyyətlər böyük güclər arasında yaranan gərginliyin dərinləşməsi ilə bağlıdır. Bu şəraitdə beynəlxalq təhlükəsizlik arxitekturasının yenidən dizaynı zərurəti meydana çıxır. Sülh Şurası kimi mexanizm isə qlobal təhlükəsizlik sistemində yeni presedent yarada bilər. Əgər belə bir platforma vasitəsilə, məsələn, Qəzzada dayanıqlı atəşkəs və siyasi razılaşma əldə olunarsa, deməli, bu model digər münaqişə zonalarına da tətbiq olunma ehtimalını ortaya qoyur. Əsas məsələ mexanizmin legitimliyinin, təmsilçilik prinsipinin və qərarların icra imkanlarının təmin edilməsidir.

P.Kərimzadə qeyd edib ki, yeni təhlükəsizlik platforması həm dövlətlərarası münaqişələrin, həm də daxili silahlı qarşıdurmaların həllində vasitəçi rola malikdir: "İkinci mərhələdə isə qurum humanitar böhranların aradan qaldırılması, qaçqın problemlərinin həlli və münaqişədən sonrakı bərpa prosesində koordinasiya funksiyası da daşıya bilər. Beləliklə, beynəlxalq təhlükəsizlik arxitekturasının yenilənməsi təkcə institusional dəyişiklik deyil, həm də siyasi iradənin və məsuliyyət bölgüsünün yenidən müəyyənləşdirilməsidir. Sülh Şurası bu baxımdan innovativ və praqmatik yanaşma kimi qiymətləndirilə bilər".

Deputat bildirib ki, Azərbaycanın Sülh Şurasında təmsilçiliyi o deməkdir ki, dövlətimiz yalnız regionda deyil, qlobal miqyasda sülh və təhlükəsizliyin təmin olunmasına töhfə vermək iqtidarındadır. Təbii ki, bu amilin ciddi əsasları var. Azərbaycan ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra Cənubi Qafqazda yeni reallıqlar  yaranıb. Prezident İlham Əliyevin liderliyi ilə formalaşan bu reallıqlar sülh, əməkdaşlıq və təhlükəsizlik üçün perspektivlər açıb. Təbii ki, bu amil dünyanın super güc dövləti olan ABŞ-nin diqqətindən yayınmır. "Donald Tramp ikinci dəfə hakimiyyətə gəldikdən sonra ABŞ-Azərbaycan münasibətlərində yeni mərhələ başlayıb. Ötən ilin avqustunda əldə olunan Vaşinqton razılaşmaları münasibətlərimizdə yeni mərhələnin əsasını təşkil edir. Məhz Donald Trampın vasitəçiliyi ilə Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh sazişi paraflandı. O vaxtdan indiyədək qarşılıqlı etimadı formalaşdırmaq üçün müvafiq addımlar atılır. Azərbaycan Ermənistan üçün tranzit məhdudiyyətini aradan qaldırıb, eləcə də bu ölkəyə neft məhsulları ixrac edir. Həm də vətəndaş cəmiyyəti nümayəndələrinin qarşılıqlı səfərləri etimad mühitinin formalaşması üçün önəmlidir. Bu o deməkdir ki, tərəflər artıq sülh şəraitində yaşayırlar. Eyni zamanda Vaşinqtonda imzalanmış üçtərəfli bəyannamə də regional əməkdaşlıq üçün geniş imkanlar açır. Artıq region üçün strateji əhəmiyyət kəsb edən TRIPP layihəsi də reallaşmaq üzrədir, çünki bu istiqamətdə praktiki addımlar atılır. TRIPP layihəsi nəinki Azərbaycanın iki hissəsini birləşdirəcək, o cümlədən Azərbaycan, Ermənistan və digər qonşu ölkələrin ərazisi vasitəsilə Asiya ilə Avropanı birləşdirəcək çox etibarlı, təhlükəsiz və böyükmiqyaslı daşımalar dəhlizidir", - deyə o bildirib.

P.Kərimzadə deyib ki, bu yaxınlarda ABŞ-nin vitse-prezidenti Vensin Azərbaycana səfəri də ölkələrimiz arasında əlaqələrin yüksək səviyyəsinin göstəricisi olub. Bu səfər zamanı Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq haqqında Xartiya imzalanıb. Sənədə əsasən, tərəflər üç istiqamətdə əməkdaşlığa xüsusi diqqət yetirəcək. Birincisi, enerji, ticarət və tranzit daxil olmaqla regional bağlantılardır. İkincisi, süni intellekt və rəqəmsal infrastruktur daxil olmaqla iqtisadi sərmayələr, üçüncüsü isə müdafiə məhsullarının satışı və terrorizmə qarşı mübarizə daxil olmaqla, təhlükəsizlik sahəsində əməkdaşlıqdan ibarətdir. Bu sənəd, əslində, Azərbaycanla ABŞ arasında münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəldir. Xartiyada hər iki dövlət ikitərəfli münasibətlərinin əsası kimi bir-birinin suverenliyini, müstəqilliyini, ərazi bütövlüyünü və sərhədlərin toxunulmazlığını dəstəklədiklərini bir daha təsdiqləyiblər. Sənəddə əsas məqamlardan biri də təhlükəsizlik sahəsində əməkdaşlıqla bağlıdır. Fevralın 19-da Vaşinqtonda Sülh Şurasının ilk iclası zamanı ABŞ Prezidenti Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyev haqqında yüksək fikirlər söyləməsi də dövlət başçısının dünyada yüksək nüfuza sahib olduğunu, ölkəmizi güclü dövlətə çevirdiyini təsdiqləyir.

Deputat hesab edir ki, Azərbaycanın möhtəşəm uğurları fonunda ölkəmizin nüfuzuna zərər vurmaq istəyən dairələr hələ də var: "Həmin dairələr anti-Azərbaycan mərkəzlərinin, erməni lobbisinin əlində alətdir. Vaşinqtonda onların təxribat cəhdləri də bunu bir daha göstərdi. Demokratiya və insan haqlarından danışan həmin kiçik qrup, əslində, davranış tərzləri ilə əxlaqi dəyərlərdən nə qədər uzaq olduqlarını nümayiş etdirdilər. Bu fakt onların cılızlığının bariz göstəricisidir. Həmin qrup kimlərinsə sifarişlərini yerinə yetirməyə çalışır, amma anlamırlar ki, bütün bunlar Azərbaycan cəmiyyətində ikrahla qarşılanır. Belə cılız əməllərlə ölkəmizin və onun liderinin nüfuzuna zərər vurmaq mümkün deyil".

Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Seçilən
26
azerbaijan-news.az

1Mənbələr