AZ

Haaqada Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib

Haaqada (Niderland) Avropada Xocalı soyqırımının yeganə abidəsinin önündə 34 il əvvəl silahlı Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Xocalı şəhərinin dinc sakinlərinə qarşı törədilən qətliam qurbanlarının xatirəsi yad olunub.

"Far.Az"un Avropa bürosunun məlumatına görə, iştirakçılar bir dəqiqəlik sükutla soyqırımı qurbanlarının xatirəsini yad ediblər.

Tədbirə gələnlər abidəyə çələnglər və gül dəstələri qoyublar.

Qonaqlar arasında Türkiyə Böyük Millət Məclisinin deputatı Şamil Ayrım, Azərbaycanın və Türkiyənin Niderlanddakı səfirləri Məmməd Əhmədzadə və Fatma Ceren Yazqan, Haaqa merinin müavini Saskia Brüns, Niderlanddakı Azərbaycan və Türkiyə cəmiyyətlərinin nümayəndələri, diaspor təşkilatlarının üzvləri və başqaları olub.

Niderland-Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin rəhbəri İlhan Aşkın çıxışında Xocalı ağrısını ürəklərində hiss edərək bir araya gəldiklərini qeyd edib: "Biz o gecəni unutmadıq, çünki unutmaq ikinci dəfə öldürmək deməkdir".

M.Əhmədzadə bildirib ki, Xocalı insanlıq əleyhinə cinayətdir. O, Xocalı hadisələrinin beynəlxalq hüquqi və siyasi qiymətinə nail olmaq və ədaləti bərpa etmək üçün səylərin davam etdirilməsinin vacibliyini vurğulayıb. Türkiyə səfiri F.Yazqan isə bildirib ki, Xocalı ağrısı hamı tərəfindən bölüşülür.

Tədbirdə həmçinin Haaqanın icraçı meri S.Brüns və yerli ictimaiyyətin nümayəndəsi Bart ten Bruk da çıxış edib. Bart ten Bruk qeyd edib ki, hadisə barədə xatirələri burada, Niderland cəmiyyətinin mərkəzində paylaşmaq həmiyyətli təşəbbüsdür, yerli xalqın atalar sözündə deyildiyi kimi, "paylaşılan kədər, kədərin yarısıdır".

Səhhətindəki problemlə əlaqədar tədbirlərdə iştirak edə bilməyən "Qarabağ üzərində qara buludlar" kitabının müəllifi tədqiqatçı və yazıçı Henri van Rensin çıxışının mətni oxunub: "Mən Xocalıya keçmişin "muzeyi"nə baxmaq üçün yox, tarixi öz ruhunda daşıyan insanların evlərində oturmaq üçün gəldim".

Sonda "Xocalı simvolu" qısametrajlı filmi nümayiş olunub.

Seçilən
14
far.az

1Mənbələr