AZ

Azərbaycan və Türkiyə müttəfiqliyi gücləndirir: CASPIA ekspert platformasında müzakirə

Azertag saytına istinadən ain.az xəbər verir.

Bakı, 23 fevral, Tamilla Məmmədova, AZƏRTAC

Fevralın 23-də əvvəllər STEM analitik mərkəzi kimi tanınan CASPIA (Center for Analysis of Strategic Policy and International Affairs) analitik mərkəzində “Azərbaycan-Türkiyə münasibətləri: dəyişən regional nizamda strateji perspektivlər” mövzusunda ekspert tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, görüş mərkəzin özündə baş verən institusional dəyişikliklər fonunda təşkil olunub. Belə ki, strateji rebrendinqdən sonra mərkəz yeni ad altında fəaliyyətinin yeni mərhələsinə başlayıb və bu da analitik gündəliyin genişləndirilməsini, CASPIA mərkəzinin beynəlxalq profilinin gücləndirilməsini simvolizə edir.

Tədbir beynəlxalq münasibətlər sahəsində aparıcı analitikləri, tədqiqatçıları və mütəxəssisləri bir araya gətirib. Müzakirələrdə fəxri qonaq və məruzəçi qismində beynəlxalq münasibətlər üzrə türkiyəli ekspert, siyasi şərhçi, xarici siyasət, regional geosiyasət və beynəlxalq strategiyalar sahəsində fəal çıxış edən Mehmet Gökhan Özçubukçu iştirak edib.

Müzakirələr regional təhlükəsizlik arxitekturasının transformasiyası və Cənubi Qafqazda, Mərkəzi Asiyada, Qara dəniz məkanında yeni geosiyasi reallıqların formalaşması şəraitində Azərbaycan ilə Türkiyə arasında əməkdaşlığın mövcud vəziyyətinə və uzunmüddətli perspektivlərinə həsr olunub. Görüş zamanı ekspertlər vurğulayıblar ki, iki qardaş dövlət arasında strateji tərəfdaşlıq bu gün ənənəvi siyasi qarşılıqlı fəaliyyətdən xeyli kənara çıxaraq energetika, nəqliyyat, investisiyalar, təhlükəsizlik və strateji kommunikasiyalar sahələrini əhatə edir.

Müzakirələrin mühüm hissəsi energetika və iqtisadi qarşılıqlı fəaliyyətə həsr edilib. Ekspertlər enerji təhlükəsizliyi, qaz tədarükünün diversifikasiyası, tranzit imkanlarının genişləndirilməsi və birgə infrastruktur layihələrinin həyata keçirilməsi məsələlərini nəzərdən keçiriblər. Qeyd olunub ki, Azərbaycanla Türkiyə arasında enerji tərəfdaşlığı daha geniş regionun enerji sabitliyinin əsas elementlərindən birini formalaşdırır və iqtisadi qarşılıqlı asılılığın dərinləşməsinə töhfə verir.

Regional nəqliyyat prosesləri kontekstində Orta Dəhliz layihələri və tranzit potensialının inkişafı üzrə digər mexanizmlər də daxil olmaqla logistika və kommunikasiya təşəbbüsləri ayrıca müzakirə olunub. İştirakçılar Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesinə də toxunaraq, bunun mümkün inkişaf ssenarilərini və regional dialoqun davamlılığının təmin olunmasında, kommunikasiyaların açılmasında Azərbaycanın strateji rolunu nəzərdən keçiriblər. Bu kontekstdə qeyd olunan proseslərin Cənubi Qafqazın uzunmüddətli sabitliyinə təsiri təhlil edilib.

Müzakirələrin ayrıca hissəsi Türkiyənin daha geniş regional siyasətinə, o cümlədən Cənubi Qafqaz ölkələri ilə qarşılıqlı fəaliyyətinə, habelə Mərkəzi Asiya və Yaxın Şərqdə Azərbaycan-Türkiyə əməkdaşlığının genişləndirilməsinə həsr olunub. Ekspertlər bildiriblər ki, iki ölkənin xarici siyasət strategiyalarının sinerjisi çoxtərəfli təşəbbüslər, iqtisadi layihələr və humanitar qarşılıqlı fəaliyyət üçün yeni imkanlar formalaşdırır.

Görüşün sonunda birgə strateji narrativlərin formalaşdırılmasının və strateji kommunikasiyalar sahəsində koordinasiyanın gücləndirilməsinin zəruriliyi xüsusi vurğulanıb. Bu amil uzunmüddətli müttəfiqliyin və davamlı regional inkişafın əsas elementi kimi qiymətləndirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
azertag.az

1Mənbələr