Ajans.az xəbər verir ki, 32gun.az-ın əldə etdiyi məlumata görə, deputatın yeni köməkçisi Pəri İbrahimova adlı xanımdır. Xanım köməkçi artıq bu mühüm təyinatı sosial şəbəkə hesabında böyük qürur hissi ilə paylaşıb. Lakin təyinatın özündən çox, xanım İbrahimovanın "peşəkar" hazırlıq prosesi diqqət çəkib. Budur, yeni köməkçinin "dövlətçilik xidmətinə" başladığı anlarda paylaşdığı o maraqlı müraciətlər: Pəri İbrahimova sosial şəbəkə statusunda açıq şəkildə bildirir ki, ona tərcümeyi-halını yazmaq üçün "başqasının əli" lazımdır: "Səliqəli və oxunaqlı əl yazısına malik, tərcümeyi-hal mətnini A4 formatında köçürə biləcək şəxs axtarıram. Ödəniş etməyə də hazıram. Tövsiyə edə biləcəyiniz biri varsa, zəhmət olmasa mənimlə əlaqə saxlayın. Bakıda yaşayan olsun." Görünür, Milli Məclis kimi ali bir qurumda beynəlxalq münasibətlər və parlament diplomatiyası kimi məsuliyyətli sahədə fəaliyyət göstərəcək bir şəxsin öz tərcümeyi-halını kağıza köçürməyə nə xətti, nə də hövsələsi çatıb. "Ödəniş etməyə hazıram" vurğusu isə gənc köməkçinin işə nə qədər "ciddi" və "maddi" yanaşdığının sübutudur.
Digər paylaşımında isə xanım İbrahimova yeni vəzifəsini təntənəli şəkildə elan edib: "Artıq peşəkar fəaliyyətimi Azərbaycan Respublikasının Milli Məclisində davam etdirirəm. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun köməkçisi olaraq fəaliyyətə başlamaq mənim üçün böyük məsuliyyət və eyni zamanda böyük şərəfdir." Görünən odur ki, xanım köməkçi "diplomatiya və dövlətçilik dəyərlərinin təbliği" istiqamətində çalışmağa hazırlaşsa da, hələlik ilk "diplomatik gedişini" öz yerinə yazı yazacaq "mirzə" axtarmaqla edib. Maraqlıdır, görəsən, Səməd Seyidovun beynəlxalq görüşlərinin qeydlərini də Pəri xanım hansısa "ödənişli xətt ustasına" yazdıracaq? Yoxsa parlamentdəki fəaliyyəti ancaq "gözəl görünmək" və status paylaşmaqdan ibarət olacaq? İnanan və dəstək olan hər kəsə təşəkkür edən Pəri xanıma, biz də "tərcümeyi-halını yazacaq o bəxtəvəri" tapmaqda uğurlar arzulayırıq.