AZ

ABŞ-ni qorxudan ssenari – İran hansı addımı ata bilər?

"The New York Times" nəşrinin yazdığına görə, ABŞ və Qərb müttəfiqləri İranın mümkün genişmiqyaslı hərbi əməliyyata cavab olaraq regionda Amerika obyektlərinə zərbələr endirə biləcəyindən narahatdır. Qəzet ABŞ və Qərb təhlükəsizlik rəsmilərinə istinadla bildirir ki, Tehran Yaxın Şərq və Avropadakı ABŞ hərbi bazalarına və səfirliklərinə hücum üçün proksi güclərindən istifadə edə bilər.

Ölkə.Az xəbər verir ki, mənbələrin iddiasına görə, söhbət ilk növbədə Hizbullah, Yəmən husiləri kimi qruplardan gedir. Maraqlıdır ki, nəşr hətta "Əl-Qaidə"ni də buraya aid edib.

"Hazırda belə planların aktiv şəkildə hazırlandığını təsdiqləyən konkret sübut olmasa da, kəşfiyyat məlumatları İran tərəfdarı qüvvələr arasında əlaqə və koordinasiyanın artdığını göstərir. Qərb rəsmiləri ehtimal edirlər ki, Tehran husilər vasitəsilə Qırmızı dənizdə gəmilərə hücumları bərpa edə, Hizbullahın “yatmış hücrələri”ndən isə ABŞ hərbi və diplomatik obyektlərinə qarşı istifadə edə bilər. Eyni zamanda, İranın Əl-Qaidə və ya onun qollarını planlara cəlb edə biləcəyi də istisna edilmir", - deyə qəzet yazır.

Bundan əvvəl İranın xarici işlər naziri Abbas Araqçi ölkəsinin özünü müdafiə etmək hüququnu vurğulayaraq, Yaxın Şərqdəki ABŞ hərbi bazalarına cavab zərbələri endirilə biləcəyi barədə xəbərdarlıq etmişdi. Lakin o, konkret planları və ya müttəfiq qüvvələrin mümkün iştirakını açıqlamayıb.

Eyni zamanda, Tehran Vaşinqtonla mümkün “müvəqqəti razılaşma” barədə yayılan xəbərləri təkzib edib. İran Xarici İşlər Nazirliyinin sözçüsü Esmail Baqayi ISNA agentliyinə açıqlamasında bildirib ki, danışıqların prosedur və məzmunu ilə bağlı müxtəlif fərziyyələr səslənsə də, onların heç biri rəsmi şəkildə təsdiqlənmir. Onun sözlərinə görə, müvəqqəti razılaşma ilə bağlı iddialar əsassızdır.

Baqayi vurğulayıb ki, danışıqlar mətninin hazırlanması “birgə səy”dir və İranın sanksiyaların ləğvi, eləcə də nüvə proqramı ilə bağlı mövqeyi aydındır. O, tərəflərin xoşməramlı olması halında müsbət nəticənin mümkünlüyünü istisna etməyib. 

Bu arada, İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin sözçüsü Ebrahim Rezayi danışıqları ABŞ üçün “sınaq” adlandırıb. Onun sözlərinə görə, prosesin nəticəsi Amerika qüvvələrinin regionda qalacağını, yoxsa geri çəkiləcəyini müəyyən edə bilər.

Mövcud mənzərə göstərir ki, tərəflər arasında açıq hərbi toqquşmadan daha çox “dolayı qarşıdurma” riski artır. ABŞ kəşfiyyatının əsas narahatlığı İranın birbaşa yox, vasitəçi qüvvələr vasitəsilə təzyiq mexanizmlərini işə sala bilməsidir. Tehran isə danışıqlarda mövqelərini sərtləşdirsə də, eyni vaxtda diplomatik kanalları tam bağlamır. Bu isə bölgədəki gərginliyin “nə müharibə, nə də sülh” mərhələsində qalmasının əsas səbəbi kimi qiymətləndirilə bilər.

Miri
Ölkə.Az

Seçilən
14
1
olke.az

2Mənbələr