AZ

Araqın üstündən pivə içdilər, kafedə dava saldılar TƏFƏRRÜAT

Demokrat.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bakının Qaradağ rayonunda 1974-cü il təvəllüdlü İlqar kafedə sərxoş vəziyyətdə qohumu Fuada xəsarət yetirib.Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 2024-cü ilin oktyabrın 17-də Lökbatan qəsəbəsi, 6-cı massivdə yerləşən “Sürücülər” kafesində baş verib. İlqar həmin gün saat 22 radələrində kafenin içərisində spirtli içki qəbul etdikdən sonra qardaşı ilə qohumu Fuadla arasında yaranmış mübahisə ilə əlaqədar çölə çıxdıqdan sonra heç bir əsaslı səbəb olmadan həmin mübahisəyə müdaxilə edib. 

Bu zaman Fuad özünü itirərək yerə yıxılıb. Bundan istifadə edən İlqar təpiklə Fuadın sifətindən bir dəfə vurub. İlqarın barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən İlqar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, gündəlik işlərə gedərək ailəsinin dolanışığını təmin edib: “Zərərçəkmiş Fuad mənim qohumumdur. Aramızda heç bir düşmənçilik və ya ədavət olmayıb. Hadisə günü saat 21 radələrində qardaşım İlhamla evdə yemək yeyərək ikimizə yarım litr araq içdik. Sonra isə pivə içmək üçün yaxınlıqda, yəni Lökbatan qəsəbəsi, 6-cı massivdə yerləşən “Sürücülər” kafesi kimi tanınan məkana gedərək pivə içdik. Bu zaman qohumumuz olan Fuad da orda olduğu üçün üçümüz birlikdə əyləşdik. Saat 22 radələrində Fuad anidən qardaşımla zarafat etməyə başladı. Fuad bir qədər şit, yəni kobud zarafat etməyə başladığı üçün qardaşım ona əsəbləşdi”. Təqsirləndirilən şəxsin sözlərinə görə, daha sonra qardaşıyla  Fuadın arasında sözlə mübahisə yaranıb: “Sonra kafedən çıxaraq mübahisəyə çöldə davam ediblər. Bu zaman mən Fuadla İlhamı sakitləşdirmək üçün onların arxası ilə çıxdım. Fuadı sakitləşdirmək istəyən zaman o, məndən kiçik olduğu üçün onun üstünə qışqırdım. Bir qədər onunla kobud danışdım. Bundan sonra Fuad məndən nə üçün onun üstünə qışqırdığımı soruşdu. Mən də ona yaxşı elədiyimi bildirdim. Fuadın üzərinə gedən zaman onları aralamaq istədim. Bu zaman Fuadın arxa-arxaya gedərkən büdrəyərək yıxıldım. Əsəbləşərək sağ ayağım ilə Fuadın üz nahiyəsinə bir dəfə təpiklə vurdum. Bundan sonra İlham məni dərhal oradan uzaqlaşdırdı. Sonra polis əməkdaşları tərəfindən 10-cu Polis Şöbəsinə aparıldım”.Qaradağ Rayon Məhkəməsinin hökmü ilə İlqar 5 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.Təqsirləndirilən şəxsə cəzaçəkmə müddəti ərzində hər gün gecə saat 23:00-dan növbəti gün səhər saat 06:00-dək, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməsi qadağan olunub. 

Bundan başqa, ona elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri tapşırılıb.Fariz Məlikli

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
11
demokrat.az

1Mənbələr