Son vaxtlar Azərbaycanla yanaşı Rusiya və Almaniya idman mətbuatında müzakirə edilən adlarından biri də qadınlar ibarət milli komandamızın futbolçusu Nigar Mirzəliyevadır.
Publika.az xəbər verir ki, o, bu ilin yanvar ayının 24-də Rusiyanın “Zenit” klubundan Almaniya təmsilçisi “Hamburq”a transfer olunub. Bununla o, diqqətləri öz üzərinə cəlb edib. Rusiyalı həmkarlarımız bu transferi yerli çempionatlarının uğuru kimi qələmə verməyə çalışsalar da, əslində Nigarın əzmkarlığı və zəhmətkeşliyi bu məsələdə böyük rol oynayıb.

Azərbaycanın kişi və qadın futbolunun səviyyəsi göz önündədir. Lakin Mirzəliyeva bir neçə həmkarı ilə birlikdə legioner həyatı yaşamğa can atıb və orada çıxış edib. Kişi futbolçulardan fərqli olaraq onlar darıxmaq və geri qayıtmaq istəklərinin öhdəsindən gəliblər ki, bu da onların yolunu açan əsas amildir. Rusiyada isə heç kim Nigara qara qaşına, qara gözünə görə şans verməyib. O, həm də gücü və zəhməti ilə komandanın uğurlarında pay sahibi olub. Futbolçu “Zenit” forması ilə 45 oyuna çıxıb, iki dəfə Rusiya çempionu olub, həmçinin iki dəfə Rusiya Superkubokunu başı üzərinə qaldırıb. Üstəlik, üç qol da vurub.

Bundesliqaya transferi isə Nigar üçün yeni şansdır. Nə qədər qəribə olsa da, Mirzəliyeva təkcə oyunu, vurduğu baxımlı qollarla deyil, həm də gözəlliyi ilə diqqət mərkəzində olur.
Nigar Mirzəliyeva 28 aprel 2002-ci ildə Azərbaycanın dördüncü ən böyük şəhəri olan Mingəçevirdə anadan olub. Yazda onun 24 yaşı tamam olacaq.

Futbola həyətdə oğlanlarla top qovmaqla başlayıb. 10 yaşında valideynləri onu futbol məktəbinə yazdırıblar. 2013-cü ildə isə bir neçə ay “Manchester United” akademiyasında məşq keçmək imkanı qazanıb. Nigar həmin dövrü belə xatırlayır:
“Əvvəlcə ‘Mançester Yunayted’in məşqçilərinin keçirdiyi seçim düşərgəsi oldu. Azərbaycanın müxtəlif şəhərlərindən 32 qalib (oğlan və qızlar) Bakıya gəldi. Bir neçə gündən sonra 5 oğlan və 1 qız seçildi. O qız mən idim. Biz İngiltərəyə – “Mançester Yunayted”in akademiyasına yollandıq və bir neçə ay orada məşq edib təcrübə topladıq. Açığı, şəhər özü məndə böyük təəssürat yaratmadı, amma futbol baxımından bu, çox maraqlı təcrübə idi”.

2018-ci ildə Nigar böyük futbolda debütünü “Balxurma” klubunun heyətində edib, 2020/21 mövsümünü isə “Marxal” komandasında keçirib. O, Azərbaycanın bütün yaş qrupları üzrə milli komandalarında çıxış edib və 2020-ci ildə əsas millidə debüt edib. 23 yaşlı futbolçu üçün 49 oyun və 5 qol kifayət qədər yaxşı göstəricidir.
2021-ci ildə Mirzəliyeva Rusiyaya köçərək “Rubin Kazan” ilə müqavilə imzalayıb. O, həmin dövrü belə xatırlayır:
“Əvvəlcə bir az qorxulu idi. Digər qızlarla birlikdə baxışa gəlmişdim, amma onlar peşəkar müqavilə almadılar və geri döndülər. Beləliklə, tək qaldım. Amma tez uyğunlaşdım. Kazan mənim xoşuma gəldi, sakit və rahat şəhər idi. Yəqin ki, yeganə mənfi cəhəti hava şəraiti idi. Yayda çox isti, qışda isə çox soyuq olur”.

İki mövsüm ərzində demək olar ki, heç bir oyunu buraxmayıb (48 matç) və 2023-cü ilin yanvarında “Zenit”ə keçərək indiyədək qazandığı bütün titullara məhz bu klubda sahib çıxıb. 3 illik macəradan sonra isə o, Avropanın mərkəzinə “Hamburq”a yollandı. Tarixi klubda isə ona olan inam böyükdür.
Publika.az











