Müğənni Müjgan Ayxan qonaq olduğu yutub layihəsində şəxsi həyatı və maddi gözləntiləri ilə bağlı diqqətçəkən açıqlamalar verib. İfaçı xüsusilə ona bağışlanan bahalı hədiyyələr və münasibətlərdə pulun rolu barədə danışaraq izləyiciləri təəccübləndirib.
Demokrat.az xəbər verir ki, müğənni indiyə qədər aldığı ən qiymətli hədiyyənin lüks avtomobil olduğunu etiraf edib. O, bu jestin təsadüfi olmadığını bildirib:
"Mənə verilən ən bahalı hədiyyə 'Porsche' markalı avtomobil olub. Layiqli idim, elə olmalı idi. Ərimdən ayrılandan sonra həyatımda olan ilk insan idi. O, məni araşdırmışdı ki, mən hansı maşından düşmüşəm".
Müjgan Ayxan həmçinin bəzi həmkarlarının geyim qiymətlərini şişirtməsini tənqid edib. Onun fikrincə, əsas məsələ geyimin qiyməti deyil, onu necə təqdim etməkdir:
"Qadın var efirdə geyimlərinin bahalığından danışır, baxırsan ki, 70 manatdır qiyməti. Özüm 50 manata geyim almışdım, fotomu paylaşdım, hamı soruşdu haradandır? İnsan daşımağı bacarmalıdır".
Münasibətlərdə tərəflərin üzərinə düşən maddi öhdəliklərə də toxunan ifaçı kişilərin təşəbbüskar olmalı olduğunu vurğulayıb. O, qadının pul istəməsini düzgün hesab etmir:
"Qadın kişidən pul istəməli deyil. Mən bəydən nə isə istədimsə, o kişi gözümdən düşür. Kişi özü verməlidir. Məsələn, bu gün nə planım var, yaxud ad günümü qeyd edəcəyəm, paltarlar gələcək və s. O, artıq fikirləşir və lazım olan miqdarı özü göndərir".
Həmçinin oxu: Azərbaycanlı müğənni ərə gedir — Milyonçudur, Range Rover sürür
Bu fikirlər sosial şəbəkələrdə geniş müzakirələrə yol açıb. İstifadəçilərin bir qismi ifaçının səmimiyyətini bəyənsə də, bir çoxu münasibətlərə bu cür yanaşmanı kəskin tənqid edib.