AZ

Gənc startapçı: Sağlam qida gündəlik qida rasionunun əlçatan hissəsinə çevrilə bilər

ain.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 23 fevral, Günel Türksoy, foto Səfiyar Məcnun, AZƏRTAC

Azərbaycan Tibb Universitetinin məzunuyam. IV “TUSİ” inkubasiya proqramına təqdim etdiyim layihənin adı “Nutribox”dur. “Nutribox” sağlam qida aparatlarıdır. Bu aparatlar sağlam qidanın gündəlik həyatımızda daha əlçatan və rahat şəkildə əldə olunmasını təmin etməyi hədəfləyir. Layihənin əsas məqsədi insanların sıx toplaşdığı məkanlarda iş yerləri, universitetlər, xəstəxanalar və digər ictimai yerlərdə bu aparatların yerləşdirilməsidir. Beləliklə, sağlam qida lüks anlayışından çıxaraq gündəlik qida rasionunun adi və əlçatan bir hissəsinə çevrilə bilər.

Bunu AZƏRTAC-a açıqlamasında gənc startapçı, IV “TUSİ” inkubasiya proqramının iştirakçısı Aydan Əsgərova deyib.

O, hazırda aparatların müvafiq yerlərdə hələ yerləşdirilmədiyini, layihənin ideya mərhələsində olduğunu bildirib: “Növbəti mərhələdə marketinq və investisiya məsələlərinin həlli planlaşdırılır. İnvestisiya təmin olunduqdan sonra aparatların istehsalına başlanması nəzərdə tutulur. Qeyd etməliyəm ki, bu ideya şəxsi ehtiyacdan yaranıb. Gün ərzində 9–10 saat iş mühitində oluram və sağlam qida tapmaqda çətinlik çəkirdim. Mövcud seçimlər isə əksər hallarda qeyri-sağlam qidalardan ibarət idi. Bu problemi həll etmək üçün “Nutribox” ideyasını formalaşdırdım.Bənzər layihələr xaricdə artıq uğurla tətbiq olunur. Məsələn, Amerika Birləşmiş Ştatlarında fəaliyyət göstərən “Farmer’s Fridge” layihəsi 2016-cı ildən etibarən fəaliyyət göstərir və geniş yayılıb. Orada təqdim olunan məhsullar tamamilə sağlam qidalardan ibarətdir. Bu təcrübəni nəzərə alaraq düşündüm ki, niyə belə bir model Azərbaycanda da tətbiq olunmasın? Azərbaycanda da oxşar aparatlara rast gəlinir, lakin onların təqdim etdiyi məhsullar daha çox evsayağı yeməklərdir və hər kəsin zövqünə uyğun olmur. “Nutribox” isə xüsusi qablaşdırılmış sağlam qida və içkilərin təqdim olunduğu soyuducu tipli aparat olacaq. Qidalar gündəlik hazırlanaraq aparatlara yerləşdiriləcək, istifadəçilər isə seçim edib ödəniş etdikdən sonra məhsulu dərhal əldə edə biləcəklər. Layihənin reallaşma vaxtı investisiyanın cəlb olunmasından asılıdır. Ümid edirəm ki, yaxın zamanda ideya növbəti mərhələyə keçəcək və “Nutribox” reallığa çevriləcək”.

Xatırladaq ki, bir neçə gün əvvəl Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi” tərəfindən icra olunan “Gələcək üçün bacarıqlar” layihəsinin IV “TUSİ” inkubasiya proqramının “Demo Day” tədbiri təşkil edilib. Məqsəd innovasiya sahəsində kadr potensialının gücləndirilməsi, təhsildə innovativ fəaliyyətin təşviqidir. Eyni zamanda, tələbələrin innovativ ideyalarının inkişafına şərait yaradılması və onların ixtiraçılıq, startap fəaliyyətinə istiqamətləndirilməsi əsas prioritetlərdəndir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
1
azertag.az

2Mənbələr