Adelet.az saytına istinadən ain.az xəbər verir.
“Televiziyalardakı verilişlərin hansı səviyyədə olması göz önündədir. Bunu təkcə müğənnilər yox, hər kəs deyir. Mən reytinqlərlə bağlı araşdırma aparmışdım. Hansı şirkətdir, bu qurum hara tabedir, reytinq aparatları kimlərin evindədir, ümumiyyətlə reytinq yerləşdirilirmi və s.? Hətta şirkətin kim tərəfindən maliyyələşməsini də sual etmişdim. Bunlarla bağlı heç bir məlumat əldə etmək mümkün olmadı”.
Bu sözləri Adalet.az-a açıqlamasında müğənni Nura Suri söyləyib:
“Artıq tənqid etməkdən yorulmuşam. Həmişə bu mövzularda aktiv oluram. Danışıram, yazıram, problemlərlə bağlı fikir bildirirəm. Buna görə nə pul qazanıram, nə reytinq qazanıram. Ancaq düşmən qazanıram.
Yeni mahnılar, kliplər təqdim edəndə də görürəm ki, işlərim bir kənarda qalır, dediyim sözlər daha çox müzakirə olunur. Əgər bir etiraz varsa, bu normaldır və bu etiraza mütləq ki, bir səbəb vardır. Ancaq bu etirazlara məhəl qoyan varmı? Etdiyim tənqidi fikirlərə görə telekanallar tərəfindən ara-sıra hətta mənə efir qadağası da qoyulur.
Amma bu hal məni qətiyyən narahat etmir. Çünki mən həmin proqramlara çağrılsam da, getmirəm. Bayram konsertlərinə və bəzi verilişlərə “ARB”, “Xəzər TV”, “İctimai TV” dəvətini qəbul edib, proqramlarda qonaq oluram.
“ATV”-dən ümumiyyətlə dəvət almıram. Çox güman ki, mənə efir qadağası var. Ancaq radioda heç bir qadağa yoxdur, çünki 106 FM və 106.3 FM-də mahnılarım səslənir.
Efir qadağaları ilə bağlı ciddi maraqlanmıram, hərdən bu haqda mənə məlumat çatır. Ola bilsin ki, AzTV, Mədəniyyət TV kanallarında qadağalar var. Amma bu necə olur, onu bilmirəm”.
N.Suri bayağı müğənnilərin efirdə görünməsini kütlənin tələbatı hesab etməyib:
“Deməzdim ki, kütlənin tələbatı bayağı müğənnilərdir. Əsla belə deyil. Bu, insanlarda zövqün formalaşdırılmasının nəticəsidir. Cəmiyyətə nə verirsənsə, onu da seyr edir. Bəzi televiziyalar cəmiyyətə alternativ təklif etmir. Cəmiyyəti necə istəyirlərsə, elə də formalaşdırırlar.
Əslində İctimai TV-də çox maraqlı, baxımlı proqramlar və layihələr var, amma nədənsə reytinq aşağı göstərilir. Bütün kanallar daha səviyyəli proqramlar hazırlasalar, insanlar onsuz da ona baxacaqlar. Ancaq TikTok kimi sosial şəbəkələri efirə gətirmək efir mədəniyyətinə zidd addımdır. Hər bir aparıcı cəmiyyətdə zövq və fikir formalaşdırmaq üçün çalışmalıdır. Aparıcının danışıq qabiliyyəti yoxdursa, bir cümlədə 5-10 səhv edirsə, dediyi fikirlərin heç bir mənası yoxdursa, maarifləndirmirsə, etdiyi müzakirələr cəmiyyətdə tərbiyə forması deyilsə, o nəyə xidmət edir, mən bilmirəm”.
Əntiqə Kərimzadə
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.