AZ

Qars-İğdır-Naxçıvan dəmir yolu qlobal layihənin bir hissəsidir - ŞƏRH

Bakı, 23 fevral, AZƏRTAC

Türkiyə ilə Azərbaycanın strateji müttəfiqliyi qlobal siyasi proseslərə təsir etmək imkanı verməklə yanaşı, hər iki dövlətin iqtisadi inkişafına böyük təkan verir. Azərbaycan 44 günlük Vətən müharibəsində qələbə qazanaraq regionda yeni reallıqlar yaratdı. Bu reallıqlardan biri Zəngəzur dəhlizidir. Bu dəhliz Mərkəzi Asiya ilə Avropa arasındakı ticarəti genişləndirməklə yanaşı, siyasi əlaqələri də artırır və bu əlaqələrin formalaşmasında Türkiyə ilə Azərbaycan aparıcı rol oynayır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında türkiyəli iqtisadçi-ekspert Hakan Topkurulu deyib.

Onun sözlərinə görə, dünyada baş verən geosiyasi proseslərin nəticəsi olaraq Avropa özünün ticarət yollarını və enerji idxalını şaxələndirməyə cəhd edir ki, digər böyük güclərdən asılı vəziyyətə düşməsin və siyasi təzyiqlərlə üzləşməsin.

“Bunun üçün Orta Dəhliz və onun davamı olan Zəngəzur dəhlizini dəstəkləyəcək və inkişafına dəstək verəcəklər. ABŞ-nin Vitse-prezidentinin də regiona səfəri təsadüfi xarakter daşımırdı. Bu səfər ticarət yollarına rəsmi Vaşinqtonun marağının böyük olduğunu göstərir. Orta Dəhlizin yeni nəfəsi olan Qars-İğdır-Naxçıvan dəmir yolu layihəsi 223,9 kilometr uzunluğunda yüksək standartlı dəmir yolu xəttini əhatə edir. Saatda 120-160 kilometr sürət üçün nəzərdə tutulan layihə 5 ilə tamamlanacaq. Uzunluğu 638 metr olan 10 körpü, 5,5 kilometr uzunluğunda 144 yeraltı keçid tikiləcək. Qars-İğdır-Naxçıvan dəmir yolu layihəsi muxtar respublikanın nəqliyyat və iqtisadi potensialını artıracaq, eyni zamanda, beynəlxalq ticarətə yeni imkanlar yaradacaq. Təbii ki, Zəngəzur dəhlizinin tərkib hissəsi olan Qars-İğdır-Aralıq-Dilucu-Sədərək-Naxçıvan-Culfa dəmir yolu xətti təkcə Türkiyə və Naxçıvanı Azərbaycanın əsas ərazisi ilə birləşdirmir. Bu layihələr daha qlobal xarakter daşıyır və Avropa ilə Asiyanın ticarət əlaqələri üçün olduqca əlverişlidir. Həmçinin dəmir yolu xəttinin Bakı-Tbilisi-Qars layihəsi ilə inteqrasiyası nəzərdə tutulur”, - deyə Hakan Topkurulu vurğulayıb.

Ekspert əlavə edib ki, Zəngəzur dəhlizi Mərkəzi Asiya, Xəzər regionu, Azərbaycan və Ermənistanı Türkiyə ilə birləşdirən sosial-iqtisadi, geosiyasi və geostrateji xüsusiyyətlərə malik olduğu üçün regional ticarətə müsbət təsir göstərəcək.

Seçilən
6
1
azertag.az

2Mənbələr