İslandiya Avropa Birliyinə qoşulma məsələsində prosesi sürətləndirməyi planlaşdırır. AzPost xəbər verir ki, bu barədə Politico öz mənbələrinə istinadla məlumat yayıb.
Məlumata görə, paytaxt Reykjavikdə hakim koalisiya ilkin olaraq Avropa Birliyinə üzvlüklə bağlı danışıqların bərpası üzrə referendumun 2027-ci ilə qədər keçirilməsini nəzərdə tuturdu. Lakin son geosiyasi proseslər bu planların daha erkən tarixə çəkilməsinə səbəb olub.
İddialara əsasən, qərarın sürətləndirilməsinə bir neçə amil təsir göstərib. Bunlar arasında ABŞ-ın İslandiyaya qarşı gömrük rüsumları tətbiq etməsi, eləcə də sabiq ABŞ prezidenti Donald Trumpın Qrenlandiyanı birləşdirmək barədə səsləndirdiyi fikirlər də yer alır. Ekspertlər hesab edirlər ki, bu cür addımlar İslandiyanın təhlükəsizlik və iqtisadi maraqlarını yenidən nəzərdən keçirməsinə səbəb olub.
Mənbələrin bildirdiyinə görə, İslandiya parlamenti yaxın həftələrdə səsvermənin yeni tarixini elan edə bilər. Əgər referendumda vətəndaşlar üzvlüyün lehinə səs versələr, ölkənin digər namizəd dövlətlərlə müqayisədə daha sürətli inteqrasiya imkanının olduğu iddia olunur.
Qeyd edək ki, İslandiya daha əvvəl də Avropa Birliyi ilə üzvlük danışıqlarına başlamış, lakin proses sonradan dayandırılmışdı. Hazırkı geosiyasi dəyişikliklər fonunda məsələ yenidən ölkə gündəminin əsas mövzularından birinə çevrilib.