AZ

Anonim paylaşımlar üzrə cinayət məsuliyyəti: Qanun nə deyir?

Gununsesi saytına istinadən ain.az xəbər verir.

Ötən gün Hüquq fakültəsində təhsil alan bir qrup tələbənin şəxsi fotoları anonim sosial media hesabı vasitəsilə paylaşılaraq onların ünvanına təhqiramiz və ləyaqəti alçaldan ifadələr yazılıb. Qısa müddətdə yayılan paylaşımlar tələbələr arasında ciddi narahatlıq yaradıb.

Hadisə ilə bağlı Gununsesi.info-ya danışan vəkil Esmira Rzayeva bildirib ki, söhbət təkcə etik pozuntudan deyil, açıq şəkildə cinayət tərkibli əməldən gedir.

Onun sözlərinə görə, Azərbaycan Respublikası Cinayət Məcəlləsi-nin 148-1-ci maddəsi internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində saxta profil və ya anonim hesab vasitəsilə böhtan və təhqir etməyə görə cinayət məsuliyyəti müəyyən edir.

Hansı cəza nəzərdə tutulur?

Qanunvericiliyə əsasən bu əmələ görə:

Cərimə, ictimai işlər, islah işləri və müəyyən hallarda azadlıqdan məhrumetmə tədbirləri tətbiq oluna bilər.

Vəkil vurğulayıb ki, “anonim profil” anlayışı hüquqi məsuliyyəti aradan qaldırmır. Rəqəmsal platformalarda buraxılan texniki izlər – IP ünvan, cihaz məlumatları və digər elektron sübutlar – hüquq-mühafizə orqanları tərəfindən müəyyən edilə və sübut kimi istifadə oluna bilər.

Esmira Rzayevanın sözlərinə görə, tələbələrin şəkillərinin icazəsiz paylaşılması və onların nüfuzuna xələl gətirən ifadələrin yazılması şəxsi toxunulmazlıq və şərəf-ləyaqət hüququnun pozulmasıdır:

“Rəqəmsal mühit real həyatın davamıdır. Sosial şəbəkədə edilən hüquq pozuntusu da eyni hüquqi nəticələr doğurur. Anonimlik arxasında gizlənmək mümkün deyil.”

O qeyd edib ki, zərərçəkən şəxslər hüquq-mühafizə orqanlarına müraciət etməklə yanaşı, məhkəməyədə müraciət edə bilərlər.

Hüquqşünaslar hesab edirlər ki, bu kimi hallara qarşı operativ və prinsipial hüquqi reaksiya verilməlidir. “Cəzanın labüdlüyü” prinsipi hüququn əsas dayaqlarından biridir və belə əməllərin cəzasız qalması yeni oxşar halların yaranmasına zəmin yarada bilər.

Hüquqi baxımdan məsələ ciddi qiymətləndirilməli və təqsirli şəxslər qanun qarşısında cavab verməlidir.

Afət 

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
icma.az

1Mənbələr