Bakıda Azərbaycan-İran İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyasının növbəti iclası keçirilir.
APA xəbər verir ki, bu barədə İranın Yol və Şəhərsalma Nazirliyinin Beynəlxalq əlaqələr mərkəzinin rəhbəri Əmin Tarfaa bildirib.
Onun sözlərinə görə, iclasda əsas müzakirə mövzuları nəqliyyat sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, sərhəd infrastrukturunun tamamlanması və qarşılıqlı mədəni əlaqələrin genişləndirilməsidir.
“İran və Azərbaycan arasında həm dəmir, həm də avtomobil yolları sektorlarında sərhəd infrastrukturu inkişaf etdirilir və təkmilləşdirilir. Bu proses ticarət mübadiləsinin asanlaşdırılmasında mühüm rol oynaya bilər”, - Əmin Tarfaa əlavə edib.
Bildirilib ki, tərəflər ikitərəfli əməkdaşlığın bütün istiqamətlərini müzakirə edəcək, eyni zamanda, gələn ilə qədər ölkələr arasında həyata keçirilməsi və inkişaf etdirilməsi nəzərdə tutulan planlar və imkanlar ətrafında fikir mübadiləsi aparacaq.
Qeyd olunub ki, iclasın yekununda əldə ediləcək razılaşmalara dair anlaşma memorandumu imzalanacaq.