AZ

Deputat: Azərbaycan iqtisadiyyatının geriləməsi ilə bağlı mətbuatda səslənən iddialar reallığı əks etdirmir. » AzadMedia.az

Deputat:


Azərbaycan iqtisadiyyatının geriləməsi ilə bağlı mətbuatda səslənən iddialar reallığı əks etdirmir. Bu fikri Milli Məclisin deputatı Aydın Hüseynov səsləndirib.

Deputat bildirib ki, Azərbaycanın strateji valyuta ehtiyatları hazırda 70 milyard dollardan çoxdur və bu göstərici ölkənin illik ÜDM-inə demək olar bərabərdir. Onun sözlərinə görə, müqayisə üçün Gürcüstanın ümumi ehtiyatları təxminən 5 milyard dollar, Ermənistanın isə 4 milyard dollar civarındadır. Bu isə iqtisadi təhlükəsizlik baxımından Azərbaycanın regionda açıq fərqlə öndə olduğunu göstərir.

A.Hüseynov qeyd edib ki, Azərbaycanın dövlət borcu ÜDM-in 10 faizindən aşağı səviyyədədir. Müqayisə üçün Gürcüstanda bu göstərici 40 faizdən çox, Ermənistanda isə 60 faizə yaxınlaşır. Deputat vurğulayıb ki, aşağı borc yükü iqtisadi dayanıqlığın əsas meyarlarından biridir.
Onun sözlərinə görə, son 20 ildə Azərbaycana 300 milyard dollardan çox investisiya yatırılıb və bu vəsaitin böyük hissəsi infrastruktur və sənaye bazasının qurulmasına yönəldilib. Bu gün Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı–Tbilisi–Qars dəmir yolu və Cənub Qaz Dəhlizi kimi layihələr artıq gəlir gətirən aktivlərə çevrilib.

Deputat əlavə edib ki, kiçik iqtisadiyyatlarda artım faizinin yüksək görünməsi təbiidir və bu göstəricini Azərbaycanla müqayisə etmək düzgün deyil. Onun sözlərinə görə, Gürcüstan ÜDM-nin təxminən 20 faizini turizm hesabına formalaşdırır və pandemiya dövründə iqtisadiyyatın 7–8 faiz kiçilməsi bu asılılığı göstərdi. Ermənistanda isə son artımın əsas səbəbi Rusiyadan gələn müvəqqəti kapital axınıdır.

A.Hüseynov bildirib ki, Azərbaycan Avropaya qaz ixrac edən ölkədir, sənaye və enerji istehsalı iqtisadiyyatda üstünlük təşkil edir və ixrac gəlirləri real sektordan formalaşır. Alıcılıq qabiliyyəti paritetinə görə adambaşına gəlirdə də Azərbaycan regionda ön mövqedədir.

Deputat qeyd edib ki, Azərbaycan Orta Dəhlizin əsas ölkələrindən biridir, Avropanın enerji təhlükəsizliyində strateji tərəfdaşdır və 2030-cu ilə qədər 10 GVt-a yaxın yaşıl enerji istehsalı planlaşdırır. Qarabağ və Şərqi Zəngəzura artıq milyardlarla manat dövlət investisiyası yönəldilib və bu regionun yaxın illərdə yeni iqtisadi artım mərkəzinə çevriləcəyi gözlənilir.

O həmçinin vurğulayıb ki, qeyri-neft ixracı son illərdə üç dəfədən çox artıb və bu da iqtisadiyyatın şaxələndiyini göstərir.

Deputatın fikrincə, mövcud göstəricilər ölkə iqtisadiyyatının tənəzzülə deyil, dayanıqlı inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir.

Seçilən
0
1
azadmedia.az

2Mənbələr