2017-ci ildən Prezident İlham Əliyevin fərmanı ilə yaradılmış Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ölkədə kiçik və orta biznesin inkişafını dəstəkləyən publik hüquqi şəxsdir.
Qurumun Əsasnaməsində qeyd olunur ki, Agentlik öz fəaliyyətində operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət, rahatlıq prinsiplərini rəhbər tutur.
Amma deyəsən bu “şəffaflıq və rahatlıq” sözlri qurumun ictimai nəzarət üçün olan planlarına daxil edilməyib.
KOBİA-nın rəsmi saytında qurumun ötən il keçirdiyi tender, kotirovka və onların nəticələri barədə heç bir məlumat yoxdur.
Elanlar bölməsində son məlumatlar 5 il əvvələ aiddir. Burada COVİD, badam ağacları, pambıq lifləri ilə bağlı köhnə elanlar hələ də durur.
Maraqlıdır ki, qurum öz rəsmi səhifələrində daha çox sahibkarlar üçün maarifləndirmə layihələrinə diqqət yetirir.
Məsələn, saytda yerləşdirilən xəbərdən bəlli olur ki, 2025-ci ildə sahibkarlar KOB evlərinə nə üçün müraciət ediblər. Daha çox yükdaşımaları həyata keçirmək üçün icazə blankı, fərqlənmə nişanı, poçt göndərişləri, mənşə sertifikatı, gömrük ximətləri, fitosanitar sertifikat…Bunlar çox yaxşıdır.
Bəs, ötən il sahibkarlar üçün hansı layihlər elan olunub? Kimlər qalib gəlib? Bu tenderlərin nəticələri nəyi göstərir? Layihələrə nə qədər pul ayrılıb?
Bu barədə KOBİA-nın saytında heç nə yoxdur.
Əvəzində 2021-ci ilə aid “Badamın daxili satış kanallarının araşdırılması” və “Sabun istehsalı layihəsi üzrə daxili bazar araşdırmasının aparılması ilə əlaqədar məsləhət xidməti üzrə tenderin ləğvi barədə məlumat boylanır.
Bəs son 4 ildə KOB subyektlərinin ölkə iqtisadiyyatında rolunu möhkəmləndirən, rəqabət qabiliyyətini artıran neçə layihə üzrə tender keçirilib? Hansı nəticələr əldə edilib? Regionlarda sahibkarlığın inkişafına nə qədər yerli və xarici investisiya cəlb edilib?
Əvəzində KOBİA-nın quru press-relizini görürük: “2025-ci ildə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) tərəfdaş qurumlarla birgə reallaşdırdığı layihə və proqramlardan ümumilikdə 300-ə yaxın sahibkar, biznesə başlamaq istəyən şəxs və startap faydalanıb. Layihələr çərçivəsində sahibkarlara müxtəlif avadanlıqlar verilib, startap layihələrinə maliyyə dəstəyi göstərilib”.
KOBİA-nın əsas missiyası kimi ölkədə mikro, kiçik və orta sahibkarlığın inkişafını dəstəkləməyi elan edib.
Bu təbəqə dövlətin iqtisadi dayanıqlığı üçün mühüm amildir. Bu baxımdan məlumat şəffaflığı burada vacib faktor kimi çıxış edir.