“Xalisko Yeni Nəsil” kartelinin rəhbərinin öldürülməsindən sonra bir neçə ştatda iğtişaşlar baş verib...
ABŞ Meksika xüsusi xidmət orqanlarına “Xalisko Yeni Nəsil” narkokartelinin rəhbəri Ruben Nemesio Oseqera Servantesin, El Menço ləqəbi ilə tanınan şəxsin zərərsizləşdirilməsi əməliyyatında dəstək göstərib.
Poliqon xəbər verir ki, bu barədə The Washington Post qəzeti mənbəyə istinadən məlumat yayıb.
Nəşrin həmsöhbətinin sözlərinə görə, əməliyyat Meksika hərbçiləri tərəfindən ABŞ və Meksikanın birgə xüsusi qrupunun iştirakı ilə həyata keçirilib. Bildirilir ki, həmin struktur ötən ilin yanvar ayında ABŞ Müdafiə Nazirliyi tərəfindən narkokartellərə qarşı mübarizə məqsədilə yaradılıb. Qrup ABŞ-nin Arizona ştatında yerləşir və tərkibinə ABŞ kəşfiyyat, hüquq mühafizə və hərbi qurumlarının nümayəndələri daxildir.
Məlumata görə, xüsusi qrup mütəmadi olaraq Meksika ordusu ilə əməkdaşlıq edir və həm ABŞ, həm də Meksika ərazisində fəaliyyət göstərən narkokartellər barədə məlumat toplayır.
Fevralın 22-də El Mençonun zərərsizləşdirilməsi barədə xəbərlər yayıldıqdan sonra Meksikanın azı beş ştatında kütləvi iğtişaşlar başlayıb. İğtişaşların əsas mərkəzi Xalisko ştatı olub.
Bazar günü səhər saatlarında Tapalpa bölgəsinin bələdiyyəsində federal əməliyyat keçirilib. Təhlükəsizlik qüvvələrinin addımlarına cavab olaraq kartel üzvləri avtomobil yollarını bağlayıblar. Ştatın paytaxtı Qvadalaxarada, Tala və Tapalpada, eləcə də kurort şəhəri Puerto Vallyartada avtomobillərin yandırılması və yolların bağlanması halları qeydə alınıb.
Ekspertlər bildirirlər ki, El Mençonun zərərsizləşdirilməsi Meksikada narkokartellərə qarşı mübarizədə mühüm mərhələ sayılsa da, bu addım qısamüddətli perspektivdə zorakılıq riskini artıra bilər. “Xalisko Yeni Nəsil” karteli son illərdə regionun ən güclü və silahlı cinayətkar qruplaşmalarından biri hesab olunur.
Poliqon.info