AZ

Meksikada narkokartel üzvləri liderlərinin qətlinə görə qisas alacaqlarını bildiriblər - YENİLƏNİB

Meksikanın səkkiz ştatında dünyanın ən nüfuzlu narkobaronlarından biri – "Xalisko Yeni Nəsil" kartelinin "El Menço" ləqəbli liderinin məhv edilməsindən sonra iğtişaşlar başlayıb.

"Report"un "Milenio" qəzetinə istinadən məlumatına görə, Meksika və ABŞ hüquq-mühafizə orqanlarının əməkdaşları avtomatlarla təchiz edilmiş helikopterlərin iştirakı ilə xüsusi əməliyyat keçiriblər, bundan sonra şiddətli atışma başlayıb.

Meksika Müdafiə Nazirliyi dəqiqləşdirib ki, "El Menço" sanitar aviasiya ilə qurumun hospitalına aparılarkən yolda ölüb.

Liderlərinin ölüm xəbərindən dərhal sonra silahlılar müharibə elan ediblər və mülki şəxsləri öldürəcəklərinə söz veriblər. Kartel üzvləri Milli Qvardiyanın bazasına hücum ediblər, ölkənin səkkiz ştatında talanlar başlayıb, Qvadalaxarada küçə döyüşləri gedir, silahlılar yük maşınlarını yandırır və yolları bağlayırlar.

"El Menço" Meksikada ən çox axtarılan şəxs, ABŞ-də isə ən çox axtarılan narkobaronlardan biri hesab olunurdu.

Meksikanın bir neçə regionunda "Xalisko Yeni Nəsil" narkokartelinin "El Menço" ləqəbli başçısı Nemesio Oseqera Servantesin məhv edilməsindən sonra avtomobil yollarının kütləvi şəkildə bağlanması, maşınların və kommersiya müəssisələrinin yandırılması qeydə alınıb.

"Report" bu barədə yerli KİV-ə istinadən xəbər verir.

Məlumata görə, əməliyyat Talpa-de-Alyende bələdiyyəsində (Xalisko ştatı) keçirilib. Hüquq-mühafizə orqanlarının fəaliyyətinə cavab olaraq ölkənin altı regionunda, o cümlədən Xalisko, Miçoakan, Kolima, Tamaulipas, Quanaxuato və Aquaskalyentes ştatlarında kartel üzvləri avtomobil yollarını bağlamağa başlayıblar.

Servantes "El Çapo" ləqəbli Xoakin Qusmanın həbsindən sonra ölkənin ən güclü narkobaronu hesab edilirdi. Kartel narkotrafikin böyük hissəsinə nəzarət edir və Meksikanın bir çox ştatında fəaliyyət göstərir.

Seçilən
14
1
far.az

2Mənbələr