AZ

Meksikada kartel liderinin öldürülməsi kütləvi iğtişaşlara səbəb olub

Meksikanın ən böyük cinayətkar qruplaşmalarından biri olan “Xalisko Yeni Nəsil” kartelinin lideri, "El Menço" ləqəbli Nemesio Oseguera Servantes hərbi əməliyyat nəticəsində öldürülüb.

APA xəbər verir ki, əməliyyatdan sonra kartel üzvləri ilə hüquq mühafizə orqanları arasında silahlı qarşıdurma yaşanıb.

Meksika mediasının məlumatına görə, əməliyyat Xalisko ştatının Tapalpa şəhərində baş tutub.

Dünyanın ən çox axtarılan narkotik qaçaqmalçılarından biri hesab edilən Osegueranın əməliyyat zamanı zərərsizləşdirildiyi bildirilir. Onun ölümü ilə bağlı hələlik rəsmi təsdiq olmasa da şayiələr ölkə daxilində xaos yaratmaq üçün kifayət edib.

Qeyd edək ki, ABŞ hakimiyyəti Osegueranın tutulmasına gətirib çıxara biləcək hər hansı bir məlumata görə 15 milyon dollara qədər mükafat qoymuşdu.

Əməliyyatdan sonra qruplaşma üzvləri Xalisko və digər ştatlarda çoxsaylı nəqliyyat vasitələrini yandırıblar. Təhlükəsizlik qüvvələri ilə kartel üzvləri arasında toqquşmalar baş verib.

Xalisko qubernatoru Pablo Lemus Navarro silahlı qarşıdurmaların ən azı ştatın beş fərqli ərazisində baş verdiyini bildirərək əhalini vəziyyət nəzarət altına alınana qədər evdə qalmağa çağırıb.

İctimai nəqliyyat xidmətləri müvəqqəti olaraq dayandırılıb.

Seçilən
10
1
apa.az

10Mənbələr