AZ

Şahmat çempionatı bitdi: Bu da qaliblər

- Ümumilikdə turnir çox maraqlı və gərgin keçdi. Beş görüş keçirdim və deyə bilərəm ki, ən çətin qarşılaşmam ikinci raundda Ravan Əliyevə qarşı oldu. Həmin partiya həm fiziki, həm də psixoloji baxımdan ən yorucu görüşlərimdən biri idi,-Məhəmməd Muradlı söyləyib.


Bütün rəqiblərinə təşəkkür edən çempion deyib: "Hər biri sona qədər ciddi və maraqlı mübarizə apardı. Final görüşü isə xüsusilə maraqlı idi və mənim üçün böyük əhəmiyyət daşıyırdı. Sevindirici haldır ki, turniri yaxşı formada başa vura bildim və bütün görüşlərdən qalib ayrıldım. Bir daha qeyd etmək istəyirəm ki, turnir yüksək səviyyədə təşkil olunmuşdu. Təşkilatçılara göstərdikləri diqqət və peşəkarlığa görə təşəkkürümü bildirirəm".


Ülviyyə Fətəliyeva bildirib ki, Azərbaycan çempionatı hər il keçirilən ən nüfuzlu və önəmli yarışlardandır: "Bu turnirə hazırlaşmaq, burada iştirak etmək həm şəxsi, həm də psixoloji baxımdan kifayət qədər gərgin və məsuliyyətli bir prosesdir. Bu dövr bizim üçün həm stressli, həm də həyəcanlı keçir. Son illərdə Azərbaycan çempionatı yüksək səviyyədə təşkil olunur. Bu, bizi çox sevindirir, çünki güclü rəqabət inkişaf üçün böyük fürsətdir. Yarışın ildən-ilə daha çətin keçməsi bizim üçün bir mərhələdir və biz də bu mərhələni uğurla keçməyə çalışırıq. İlin əvvəlindəyik və ümid edirəm ki, ilin sonuna qədər bu yüksək temp və yaxşı nəticələr davam edəcək. Əsas məqsədimiz əlimizdən gələni edərək ölkəmizi layiqincə təmsil etməkdir. İnanıram ki, düzgün hazırlıq və inam olduqda, yaxşı nəticələr də qaçılmaz olacaq".

Azərbaycan Şahmat Federasiyasının prezidentiMahir Məmmədov deyib ki, artıq ikinci ildir çempionat fərqli reqlamentlə keçirilir. Bu format şahmatçılar üçün də idman mübarizəsinin gərginliyi və marağı baxımından olduqca uyğundur. Gələcəkdə mükafat fondunun da artırılması mümkündür.


Çempionatda maraqlı nəticələrin qeydə alındığını diqqətə çatdıran Mahir Məmmədov deyib: “Hər şey idman prinsipləri və ədalət çərçivəsində baş verdi. Məhəmməd Muradlı artıq iki dəfə Azərbaycan çempionu olmuşdu və bu il üçüncü dəfə bu titulu qazandı. Çoxları Şəhriyarın yenidən çempion olacağını gözləyirdi. O, uzun illər əvvəl iki dəfə bu ada layiq görülmüşdü və 22 ildən sonra bunu təkrarlamaq istəyirdi. Lakin bu dəfə də finalda məğlub oldu. Qadınların yarışında da maraqlı mübarizə izlədik. Ülviyyə ötən il, səhv etmirəmsə, 1/4 və ya yarımfinal mərhələsində mübarizəni dayandırmalı olanda çox gərgin hisslər yaşanmışdı. Həmin anlarda Federasiyanın bəzi üzvləri onu sakitləşdirməyə çalışırdılar. Bu dəfə isə vəziyyət fərqli idi. Ayan da çox ləyaqətli və yüksək səviyyədə oyun nümayiş etdirdi. Şahmatda hər şey bir anda dəyişə bilir. Bu görüşdə də vəziyyət 180 dərəcə dəyişdi və partiyanın axarı tamamilə fərqli istiqamət aldı. Şahmatda play-off sistemi özünəməxsus dinamika yaradır. Hətta tay-brek mərhələsinin olması yarışa əlavə həyəcan qatır. Bəzən təsadüfi məqamlar da olur, amma ümumilikdə bu format çox maraqlı və baxımlıdır. Yaranan ajiotaj isə bizim üçün çox müsbət və sevindirici amildir".


Artıq ikinci ildir finalda məğlub olan İkinci yeri tutanŞəhriyar Məmmədyarov deyib ki, ölkəmizdə çox güclü və perspektivli şahmatçıların yetişib: “Məsələn, keçən il çempionatın 1/4 final mərhələsində Məhəmməd Muradlı ilə qarşılaşdım və ona qalib gəldim. Bu il isə o məni üstələdi. Bu fakt göstərir ki, azərbaycanlı şahmatçılar inkişaf edir, gənclərimiz ildən-ilə daha da güclənirlər. Təbii ki, zaman gənclər üçün üstünlükdür, amma mənim üçün şahmat baxımından əksinə işləyir. İllər keçdikcə belə yüksək səviyyəli turnirlərdə daha sabit və yüksək nəticə göstərmək çətinləşir. Buna görə də finala yüksəlməyimi müsbət qiymətləndirirəm. Oyun keyfiyyətimdən ümumilikdə razıyam, lakin nəticələr baxımından tam məmnun deyiləm. Hesab edirəm ki, bəzi partiyalarda daha yaxşı nəticə əldə etmək mümkün idi".
Seçilən
16
2
azvision.az

3Mənbələr