“Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 21-ci turunda “İmişli”yə qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Quba Olimpiya İdman Kompleksinin stadionunda baş tutmuş görüşündə qapılara qol vurulmayıb – 0:0.
Ayxan Abbasov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Ağır oyun oldu. Futbolçularımız çox əziyyət çəkdilər. Oyunun gedişatına baxsaq, hər iki komanda 1 xalı haqq edirdi. Çox danışılası bir şey yoxdur. Sevindirici haldır ki, iki oyundur, qol buraxmırıq. İkinci dövrənin bitməsinə 1 oyun qalıb. Kritik oyunlar var, kubok görüşləri var.
İlin əvvəlində futbolçularımdan istəyim olmuşdu ki, hər kəs karyerasını gözünün önünə gətirsin, karyerasının pik nöqtəsinə çatsın. Məsələn, kimsə 7 qol vurubsa, 9 qol vursun. Ya da oyun sayını çoxaltsın. Bəzi futbolçularımız karyerasında ən yaxşı dövründədir. Kubokda iddialıyıq, hədəflərimiz var. Davam etmək istəyirik. Rəqibimiz güclüdür, çətin olacaq. Amma birinci oyundakı nəticə bizə fürsət verir ki, mübarizə aparaq. Futbolçularımda hədəf və hirs var. Sona qədər bunu çatdırmaq lazımdır. Kubokda ilk “altılıq”da olmayan komandalar da yer alıb. “Qəbələ”nin də, bizim də şansımız var. Çox istəyərdim ki, beşlikdə olmayan komandalardan kubokda irəliləyənlər olsun, daha maraqlı alınsın”.
Sevindirici haldır ki, bu arenada bir problemi də biz həll etdik. Sən demə, futbol qapılarının biri digərindən 11 sm hündür imiş. Bu gün xeyrimiz dəydi ki, qapılar standart oldu”.
