Güvənli Servis (Azur Park) ilə hesablaşmalar 3 (üç) kod üzrə aparılır. Həmin kodlar üzrə elektrik enerjisindən istifadəyə görə “Azərişıq” ASC-yə ümumilikdə 441 000 (dörd yüz qırx bir min) manat məbləğində borc mövcuddur.
Bu barədə Pravda.az-a "Azərişıq" ASC-dən məlumat verilib.
Bildirilib ki, abonentin borcu 193 000 manat təşkil etdiyi mərhələdə məhkəmə qaydasında mübahisələndirilmiş və hazırda məhkəmə prosesi davam edir. Lakin həmin dövrdən etibarən elektrik enerjisinə görə ödənişlərin həyata keçirilməməsi nəticəsində borc məbləği artaraq hal-hazırda 441 000 manata çatıb.
Azur Park ərazisində fəaliyyət göstərən Veysəloğlu şirkəti ilə Azərişıq ASC arasında hər hansı alqı-satqı müqaviləsi mövcud deyil. Elektrik enerjisinin alqı-satqı müqaviləsi “Güvənli Servis Management” MMC ilə bağlanıb. Sayğac göstəricilərinə əsasən yaranmış borc məhz həmin hüquqi şəxsə aiddir. Qeyd edək ki, yuxarıda göstərilən borc (441 min azn) sayğac göstəriciləri əsasında yaranmış borcdur.