AZ

"Qatil diktatora ölüm: Xamenei hazırlıq görür, ABŞ İrana zərbə endirməyə tərəddüd edir" - "The New York Times"

"İranlılar təzyiq altında olmasına baxmayaraq geri addım atmır, bunu anlamıram..."

İranda baş verən kütləvi etirazlar və ABŞ-dan mümkün zərbələr fonunda ali rəhbər ayətüllah Əli Xamenei ölkənin idarə olunması üçün çoxsəviyyəli əvəzetmə planı hazırlayıb.

Moderator.az xəbər verir ki, bu barədə "nyt.com" nəşri yazıb.

Xamenei gələcək böhran üçün hazırlıq görür

Nəşr yazır ki, hər bir yüksək vəzifə üçün dörd mümkün əvəzləyici təyin olunub  İranın Ali Milli Təhlükəsizlik Şurasının sədri və keçmiş İnqilab Keşikçiləri Korpusunun rəhbəri Əli Laricani xüsusilə etibar edilən böhran meneceri kimi seçilib. Mənbələr bildirir ki, o, həm etirazların yatırılmasını koordinasiya edib, həm ABŞ ilə nüvə əlaqələrini idarə edib, həm də Rusiya, Qətər və Omanla əməkdaşlıq edib.

Xamenei həmçinin hərbi əməliyyat riskini nəzərə alaraq İranda HHM qüvvələrini yüksək hazırlıq vəziyyətinə gətirib, raket komplekslərini İraq sərhədi və Fars körfəzi bölgələrinə yerləşdirib və hərbi təlimlər keçirib. Planlaşdırılan müharibə halında polis xüsusi təyinatlıları, kəşfiyyat əməkdaşları və "Bəsic" milisi şəhərlərdə daxili qarışıqlıqların qarşısını almaq üçün səfərbər ediləcək.

ABŞ tərəddüd edir, Tramp isə vəziyyəti anlamır

"Reuters" agentliyi xəbər verir ki, ABŞ administrasiyasında İrana qarşı hərbi əməliyyatın keçirilməsinə dair fikir ayrılığı mövcuddur. Prezident Donald Tramp hələ son qərarını verməyib, bəzi müşavirlər isə daxili siyasi riskləri önə çəkərək hücumu dayandırmağı tövsiyə edirlər.

Senator Lindsi Qrem isə Trampa məsləhətçilərin sözünü dinləməməyə çağırıb: "Böyük hərbi əməliyyatlar riski var, amma nəzarətsiz qalarsa, nəticələr daha təhlükəli olacaq", - o bildirib. Regionda artıq iki ABŞ təyyarədaşıyan qrup və yüzlərlə döyüş təyyarəsi yerləşdirilib, lakin əməliyyatın başlanmasına dair qərar hələ verilməyib.

Müşavirlər Trampa iqtisadi məsələlərə diqqət yetirməyi tövsiyə edir, çünki noyabr seçkilərində Respublikaçılar üçün nəticə kritikdir. Hətta Tramp İranın nüvə silahına sahib olmasına imkan verməyəcəyini vurğulayıb, amma onun qarşısında duran əsas sual budur: ABŞ-ın İrana təzyiqi hansı nəticəni verəcək?

İranda etirazlar alovlanır

"Iran International" nəşri xəbər verir ki, etirazlar yenidən Tehran, Аbdanan və Мəşhəd şəhərlərində partlayıb. Universitet tələbələri Xameneiyə qarşı şüarlar səsləndirir, bəzi hallarda monarxiyanın bərpasını və şahzade Rza Pəhləvinin hakimiyyətə gəlməsini tələb edirlər.

Etirazlarda "Bəsic" qüvvələri və təhlükəsizlik orqanları ilə toqquşmalar olub, tələbələr dərsləri və imtahanları boykot ediblər. Bu aksiyalar göstərir ki, etiraz hərəkatı qırılmayıb, əksinə xalqın narazılığı fonunda yenidən güclənib.

İran prezidenti Мəsud Pezeşkian və parlamentin milli təhlükəsizlik komissiyası rəhbəri İbrahim Əzizi ABŞ-ı xəbərdar edir: "Biz müharibə istəmirik, amma onu aparmağı bilirik. Hər hansı qeyri-düşünülmüş addım güclü cavabla qarşılanacaq".

Nüvə danışıqları və Tehran-Tramp gərginliyi

"Fox News"-a verdiyi müsahibədə ABŞ-ın Yaxın Şərq üzrə xüsusi elçisi Stiv Uitkoff bildirib ki, Tramp iranlıların nüvə danışıqlarında geri çəkilməməsindən təəccüblənir. "Onlar təzyiq altında olmasına baxmayaraq geri addım atmır", - deyə o vurğulayıb.

Danışıqların əsas problemləri uranın zənginləşdirilməsi, İran raket proqramı və sanksiyaların ləğv mexanizmləridir. "Reuters" xəbər verir ki, növbəti raund yalnız martın əvvəlində Cenevrədə keçiriləcək və Tehran ABŞ təzyiqinə qarşı öz mövqeyini saxlayır.

Bu fonla Tramp həm regionda hərbi güc nümayiş etdirir, həm də diplomatik həll gözləyir. Lakin amerikalı müşavirlər xəbərdarlıq edir ki, müharibə noyabr seçkilərinə mənfi təsir göstərə bilər. Respublikaçılar seçki nəticəsində Konqresdə çoxluğu itirə bilər, bu isə Trampın siyasətinə ciddi maneədir.

Seçilən
20
1
moderator.az

2Mənbələr