Özünü “Yeni Nostradamus” kimi təqdim edən britaniyalı Kreyq Hamilton-Parker ABŞ ilə İran arasında mart ayında müharibənin başlaya biləcəyini iddia edib.
Turkustan.az-ın xəbərinə əsasən, onun bu açıqlaması Vaşinqtonun Yaxın Şərqə təyyarədaşıyan gəmilər və döyüş təyyarələri göndərməsi fonunda yenidən gündəmə gəlib.
Bölgədə artan hərbi hərəkətlilik və qarşılıqlı sərt bəyanatlar mümkün toqquşma ehtimalını gücləndirsə də, Hamilton-Parkerin proqnozlarının rəsmi kəşfiyyat qiymətləndirməsinə əsaslanmadığı vurğulanır.

“IBTimes UK” nəşrinə danışan Parker İranla bağlı “uzun müddətdir nüvə infrastrukturuna yönəlmiş hücumları əvvəlcədən gördüyünü” iddia edib və 2026-cı ilin martında hədəfli əməliyyat gözlədiyini bildirib. Onun sözlərinə görə, mümkün ssenaridə quru qoşunlarının bölgəyə yeridilməsi nəzərdə tutulmur; əsasən hava zərbələri və sürətli əməliyyat planı ön planda olacaq.
“Al Jazeera” telekanalının yaydığı məlumatlarda qeyd olunur ki, Vaşinqton nüvə danışıqları davam etdiyi bir vaxtda Tehrana ünvanlanan sərt mesajlarını yeniləyib. Eyni zamanda İran ilə Rusiya arasında birgə dəniz təlimlərinin keçirilməsi barədə açıqlama da diqqət çəkib.
ABŞ prezidenti Donald Tramp tərəfindən İranla bağlı mümkün hərbi addım siqnallarının verilməsi Vaşinqtonda “Prezident təkbaşına hücum əmri verə bilərmi?” sualını da yenidən gündəmə gətirib. “Time” jurnalı yazır ki, ABŞ Konstitusiyası və Müharibə Səlahiyyətləri Aktı çərçivəsində Konqresin razılığı olmadan genişmiqyaslı hərbi əməliyyatın başlanması hüquqi mübahisələr yarada bilər.
İran tərəfi isə “təzyiqə boyun əyməmək” mövqeyini seçib. “New York Post” qəzetinin xəbərinə görə, İran prezidenti Məsud Pezeşkian bu istiqamətdə mesajlar verib və bu bəyanatlar ABŞ-nin bölgədə hərbi qüvvə topladığı dövrə təsadüf edib./Musavat.com