AZ

Zelenski: Rusiya Ukraynaya 50 raket və 300-ə yaxın dron atıb

BAKI, 22 fevral. TELEQRAF

Rusiya ordusu ötən gecə Ukrayna ərazisinə 50-yə yaxın raket və 300-ə yaxın pilotsuz uçuş aparatı (PUA) ilə hücum edib. Təkcə Sumı vilayətində təcili tibbi yardım avtomobilinin vurulması nəticəsində üç nəfər həlak olub.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "Telegram" kanalında məlumat yayıb.

Dövlət başçısı bildirib ki, gecə hücumundan sonra regionlardakı vəziyyətlə bağlı müşavirə keçirib:

"Düşmən təxminən 50 raket, o cümlədən 22 ballistik raket və müxtəlif tipli daha 297 dron buraxıb. Onların böyük hissəsini vurmaq mümkün olub. Mən hava hücumundan müdafiə sistemləri üçün raketlərin tədarükü naminə bizimlə hər gün, hər həftə işləyən bütün tərəfdaşlarımıza təşəkkür edirəm. Müdafiəyə hər gün ehtiyac var".

Zelenski qeyd edib ki, bu dəfə Rusiya ordusunun hədəfi təkcə enerji obyektləri deyil, həm də logistika, xüsusən dəmir yolu infrastrukturu olub. Bundan əlavə, şəhərlərdəki su təchizatı sistemlərinə zərbələr endirilib.

Prezident vurğulayıb ki, regionların nümayəndələri ilə hava hücumundan müdafiənin miqyasının genişləndirilməsi və Rusiyanın taktikasındakı dəyişikliklərin operativ şəkildə nəzərə alınması müzakirə olunub. Kiyev vilayətinin Borispol rayonunda kilsəyə ziyan dəyib, bir sıra digər vilayətlərdə isə adi yaşayış binaları zədələnib. Ehtiyac olan hər yerdə zərərçəkənlərə yardım göstərilir.

Dövlət başçısı Ukrayna Müdafiə Nazirliyinə Sumı vilayətində səmanın qorunması üçün əlavə qüvvələr göndərməyi tapşırıb:

"Ötən gün Şostka rayonunda Rusiya dronu təcili tibbi yardım avtomobilini vurub. Bu, məqsədyönlü zərbə idi. Təəssüf ki, üç nəfər həlak oldu. Ruslar hər dəfə belə zərbələrin nəticələrini hiss etməlidirlər və bütün sərhədyanı, eləcə də cəbhəboyu ərazilərdə düşmən dronlarından müdafiənin gücləndiyi hiss olunmalıdır".

Zelenski həmçinin Ukraynanın daxili işlər naziri İqor Klimenkonun Lvovda baş vermiş terror aktının istintaqı ilə bağlı məruzə etdiyini açıqlayıb.

"İndi hər şeyi açıq demək olmaz. Bir neçə nəfər saxlanılıb və zəruri prosessual işlər çərçivəsində bütün faktlar aydınlaşdırılacaq. Daha sonra hüquq-mühafizə orqanları cəmiyyətə əlavə məlumat verəcəklər. Dövlətimizi, xalqımızı qorumağa kömək edən hər kəsə təşəkkür edirəm", - deyə Prezident fikrini yekunlaşdırıb.

Seçilən
15
teleqraf.com

1Mənbələr