Ankara, 22 fevral, AZƏRTAC
Azərbaycan Türk dünyası üçün mühüm mədəniyyət və birlik mərkəzi olub və bu gün də qalmaqdadır. Türk dünyasının möhkəmləndirilməsi səylərinin bariz tarixi nümunəsi 1926-cı ildə Bakıda keçirilən Türkoloji Qurultaydır. Bir əsr sonra belə, qurultayın işi türk xalqlarının birliyini gücləndirmək əzminin simvolu olaraq qalır.
Bu fikri Türkiyənin Azərbaycandakı keçmiş səfiri, İMZA İctimai birliyinin ölkədəki nümayəndəsi və Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADİV) İdarə heyətinin üzvü Hulusi Kılıç AZƏRTAC-a açıqlamasında bildirib.
O, 1926-cı il fevralın 26-dan martın 6-dək Bakıda keçirilən Türkoloji Qurultayı məşhur maarifçi İsmayıl Qasprinskinin “Dildə, düşüncədə və əməldə birlik” çağırışının həyata keçirilməsi adlandırıb. “Təsadüfi deyil ki, türkoloqların işinin nəticələrindən biri ortaq türk əlifbası üzərində razılığa gəlmək və latın əlifbasına keçmək istiqamətində atılan addımlar idi. Qurultayın nəticələri o dövrün Sovet hakimiyyətinin əsəbi və kəskin mənfi reaksiyasına səbəb oldu”, - deyə H.Kılıç Bakıda toplaşan alimlərə qarşı repressiyaları və bəzilərinin güllələndiyini xatırladaraq bildirib.
İMZA İctimai birliyinin nümayəndəsi vurğulayıb ki, dil milli kimliyin təməlidir və keçmiş SSRİ hakimiyyəti bunu məhv etməyə çalışırdı.
O xatırladıb ki, Sovet İttifaqının dağılması fonunda Türkiyə türk dövlətlərinin müstəqilliyini tanıyan ilk ölkələrdən biri olub və qardaş xalqlarına kömək əlini uzadıb.
H. Kılıçın sözlərinə görə, bir əsr sonra ortaq türk əlifbasının qəbul edilməsi Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələri bir-birinə daha da yaxınlaşdıran mühüm məqsəd olaraq qalır. “Fərəhlidir ki, ötən ilin sentyabr ayında ortaq türk əlifbası dövlət səviyyəsində razılaşdırılıb və dəstəklənib, bu da Birinci Türkoloji Qurultay iştirakçılarının xatirəsinə bir ehtiramdır”, - deyə diplomat sözünə davam edib.
H. Kılıç Prezident İlham Əliyevin rəhbərliyi ilə güclü dövlətə - tanınmış regional liderə çevrilmiş Azərbaycanın müstəqilliyinin bərpasının 35-ci ildönümünün qeyd olunduğuna diqqət çəkib. “Tarixi torpaqlarını öz səyləri sayəsində çoxillik işğaldan azad edən müasir Azərbaycanın siyasi, iqtisadi və hərbi qüdrəti beynəlxalq səviyyədə tanınır. Bu gün biz digər türk dövlətlərinin mövqelərinin güclənməsini də məmnuniyyətlə qeyd edirik”, - deyə o, TDT çərçivəsində çoxşaxəli dialoqu yüksək qiymətləndirib.
“Bakıda keçiriləcək yubiley tədbirləri, şübhəsiz ki, türk xalqları arasında əlaqələrin möhkəmlənməsinə yeni təkan verəcək. Ümid edirəm ki, Azərbaycandakı müzakirələr ölkələrimizin daha da yaxınlaşması üçün Yol xəritəsinin formalaşması ilə nəticələnəcək”, - deyə türkiyəli diplomat sözünü yekunlaşdırıb.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara