İran prezidenti Masoud Pezeşkian bəyan edib ki, Tehran nüvə proqramı ilə bağlı danışıqlarda ABŞ-a güzəşt etməyəcək.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə AlJazeera məlumat yayıb.
Məlumata görə, bu açıqlama ABŞ prezidenti Donald Trampın Tehranın nüvə proqramı üzrə razılaşmaya məcbur edilməsi üçün məhdud zərbələr endirməyi nəzərdən keçirdiyini bildirməsindən sonra səsləndirilib.
Pezeşkianın verdiyi bəyanat Fars körfəzində gərginliyin artdığı bir vaxta təsadüf edir. Qeyd edilir ki, ABŞ bölgədə hərbi mövcudluğunu genişləndirərək iki təyyarədaşıyan gəmi və onlarla döyüş təyyarəsi yerləşdirib.
“Dünya gücləri birləşərək bizi baş əyməyə məcbur etməyə çalışırlar. Siz çətinliklər qarşısında baş əymədiyiniz kimi, biz də bu problemlər qarşısında baş əyməyəcəyik”, – deyə Pezeşkian vurğulayıb.
Qeyd edək ki, İran və ABŞ bu ayın əvvəlində Oman vasitəçiliyi ilə Tehranın nüvə proqramı üzrə dolayı danışıqları bərpa edib, ötən həftə isə İsveçrədə ikinci raund keçirilib.
Vaşinqton və Tehran danışıqları ümumilikdə müsbət qiymətləndirsələr də, konkret irəliləyiş əldə olunmayıb.