Vaşinqtonda Sülh Şurasının ilk iclasında Qəzzaya hərbi qüvvə göndərəcək beş ölkənin – Qazaxıstan, İndoneziya, Mərakeş, Kosova və Albaniya – adı açıqlanıb. Misir və İordaniya isə polisə təlim keçməyə razılıq verib.
Qəzza zolağında beynəlxalq təhlükəsizlik mexanizminin formalaşdırılması ilə bağlı açıqlanan yeni plan regionun gələcək idarəçilik modelinə dair mühüm siqnallar verir. Seçilmiş kontingent ölkələrinin tərkibi göstərir ki, prosesdə iştirak edəcək aktorlar əsasən müsəlman dövlətlərdən və ya müsəlman əhaliyə siyasi-ictimai baxımdan həssas yanaşan ölkələrdən ibarətdir. Bu isə yerli əhali ilə beynəlxalq qüvvələr arasında psixoloji baryerin azalmasına və legitimlik faktorunun güclənməsinə xidmət edə bilər. Xüsusilə Qəzza zolağı kimi yüksək həssas münaqişə zonalarında təhlükəsizlik qüvvələrinin qəbul olunması onların dini-mədəni yaxınlığı ilə birbaşa bağlı olur.
Seçilmiş beş dövləti birləşdirən mühüm xüsusiyyət onların həm Türkiyə, həm də İsraillə işlək diplomatik münasibətlərə malik olmalarıdır. Bu balanslı əlaqələr onları potensial vasitəçi və təhlükəsizlik təminatçısı modelinə uyğunlaşdırır. Həmin ölkələr nə regionda birbaşa münaqişə tərəfi sayılır, nə də sərt ideoloji bloklaşmanın iştirakçısıdır. Bu baxımdan onların iştirakı həm təhlükəsizlik, həm də etimad quruculuğu üçün praqmatik seçim kimi qiymətləndirilə bilər.
Hazırkı mərhələdə əsas prioritet Qəzzanın siyasi statusundan çox, onun humanitar və təhlükəsizlik gələcəyidir. Mülki əhalinin qorunması, silahlı qrupların nəzarət altına alınması və inzibati idarəçiliyin bərpası paralel aparılmalıdır. Seçilmiş kontingentin HƏMAS ilə məsafəli mövqedə olması tərksilah və reinteqrasiya prosesini asanlaşdıra bilər. Çünki vasitəçi qüvvənin tərəflərdən birinə ideoloji yaxınlığı olarsa, bu, əməliyyatların legitimliyini sual altına salar.
Digər mühüm element isə regional dəstək mexanizmidir. Misir və İordaniya kimi qonşu ölkələrin polis hazırlığı prosesinə qoşulması təhlükəsizlik sektorunun lokallaşdırılması strategiyasına uyğundur. Bu model beynəlxalq qüvvələrin daimi qalmasını deyil, mərhələli şəkildə yerli strukturların formalaşdırılmasını nəzərdə tutur. Xüsusilə Rəfah bölgəsində təhlükəsizlik və idarəetmə institutlarının qurulması sərhəd nəzarəti, humanitar logistika və qaçaqmalçılığın qarşısının alınması baxımından kritik əhəmiyyət daşıyır.
Planın məntiqi ondan ibarətdir ki, neytral imicə malik, regionla işlək diplomatik kanalları olan və dini-mədəni baxımdan qəbul edilən dövlətlər vasitəsilə sabitlik təmin olunsun. Bu yanaşma həm təhlükəsizlik boşluğunu doldurmağa, həm humanitar yardım axınını tənzimləməyə, həm də mülki əhalinin gündəlik həyatını bərpa etməyə yönəlib. Əgər bu mexanizm real koordinasiya və siyasi iradə ilə müşayiət olunarsa, o zaman Qəzza üçün müvəqqəti sabitlik platforması formalaşa bilər ki, bu da gələcək siyasi həll modelinin qurulması üçün ilkin zəmin rolunu oynayar.
Politoloq Turan Rzayev