AZ

Vadim Abdullayev: “Azərbaycan futbolunda oyunu legionerlər həll edir”

“Karvan-Yevlax”ın kapitanı Vadim Abdullayev “Araz Naxçıvan” məğlubiyyəti sonrası İdmanxeber.az saytına müsahibə verib.

O, komandasının uğursuz gedişatından  vəheyətin keyfiyyətindən söz açıb. Abdullayev sabiq klubu “Araz Naxçıvan”dan ayrılmasına da toxunub:

– Oyun barədə nə deyə bilərsən? Komanda yenə məğlub oldu…

Oyun barədə danışmaq çətindir. Nə deyəsən ki? Matçın gedişatı məğlub olacağımızı göstərmirdi. Ancaq keyfiyyətli əskikliyi hiss olunur. Rəqiblərin keyiyyəti bizdən üstündür. Bu da hesabın açılmasına kömək edir. Sonradan da oyuna qayıda bilmirik. Keyfiyyət hər şeyi həll edir.

– Görüşdə ən yaxşı epizodlardan birini sən yaxalamışdın. Ancaq istifadə edə bilmədin…

Zərbədi da. Bəzən düz gedir, bəzən yox. Oyun epizodu idi. Texniki səhvdir. Vursaydım, daha yaxşı olardı.

– Yəqin ki, bu oyunun sənin üçün prinsipiallığı var idi…

Təbii ki, elədir. Ancaq deyiləsi bir şey yoxdu.

– Sən “Ara Naxçıvan”dan göndəriləndə baş məşqçi Elmar Baxşıyev idi. İndi o, özü də komandadan göndərilib…

Mənin Elmar müəllimlə heç bir problemim olmayıb. Ona hər zaman hörmət etmişəm. Münasibətim çox yaxşıdı Elmar müəllimlə. Komandanın kapitanı idim. Mənim xətrimi çox istəyirdi, həmişə dəyər verirdi. Mənim göndərilməyimdə başqa səbəblər vardı. Artıq bunlar geridə qalıb.

– “Araz Naxçıvan”dan ayrılanda rəhbərliklə halallaşmadın?

Təbii ki, yox. Onlar düşünməli idi ki, Vadim komandada ən çox oyun keçirən, ən çox əziyyəti olan futbolçudur. Mən burda olanda heç kim yox idi. Amma mənimlə elə davrandılar ki, sanki heç kiməm. Rəhbərlik mənimlə danışmadı, sağollaşmadı. Bəlkə də Azərbaycan futbolunda belə hallar normaldır. Bunlar qalır klubun, ordakı insanların keyfiyyətinə.

– Hazırda “Araz Naxçıvan” rəhbərliyi yaxşı günlər yaşamır. Klubun gələcək aqibəti barədə heç nə bəlli deyil. Sanki klubda ahın qalıb…

İnanmıram mənim ahım onları tutsun. Orada mənə yaxın olan uşaqlar çoxdu. Bu gün də o insanlarla münasibətim var. Pis olsam da, qəlbim qırılsa da, həyat davam edir. Bu gün kaş xal götürə bilərdik, kaş qol vurardım.

Heyətin keyfiyyəti ilə bağlı danışdın. Hətta bu yaxınlarda Aslan Kərimov efirdə dedi ki, “Karvan-Yevlax”ın heyətində 1-2 Premyer Liqa səviyyəsində oyunçu var. Razılaşırsan bununla?

Futbolu hər kəs bilir, görür. Hamının gözü tərəzidir. Bu gün Azərbaycan futbolunda elə bir komanda yoxdur ki, oyunu legioner həll etməsin. Millidə olanda da vəziyyət belədir. Bir-iki futbolçu çıxmaqla digərləri bir-birindən fərqlənmir. Nəticələri ancaq legionerlərin keyfiyyəti həll edir. Dünən də matçı Felipe Santos kimi oyunçular aldı. Ötən mövsüm mən “Araz Naxçıvan”la 3-cü yerdə Konfrans Liqasına getmişəm, ancaq indi sonuncu yerdəyəm. Ətrafının necə olduğu çox önəmlidir. Bu tək bizdə deyil, dünya futbolunda da belədir. Keyfiyyəti ortaya qoyan onlardır. Bu gün bizim neçə xarici futbolçumuz qol vura bilir? Neçə futbolçumuz komandanı çətin durumdan çıxara bilir? Neçəsini görmüsünüz? Sonuncu bir xal qazandığımız oyunda da  qolu mən vurmuşdum.

Son oyunlarda qələbə qazanmaq bir yana, komanda qol da vura bilmir…

Bəli, statistika göz qabağındadır. Biz son oyunlarda 5-6 yerli futbolçu ilə mübarizə aparırıq. Bu özü göstəricidir. Bu yerlilərin çoxusu öz klublarında heç oynamırdılar. Açığı, ürəyim doludu. Mən karyeramda belə şeylər yaşamamışam. İlk dəfədir başıma belə şeylər gəlir. Çətində qəbul etmək.

– Demək olarmı ki, “Karvan-Yevlax” Premyer Liqadan getməyi ilə barışıb?

Qarşıda 12 oyun var. Hər oyun nəyisə dəyişmək istəyirik. Bu qədər təzyiq, bu qədər fikir… Çox ağırdı. Necə olsa da, sona qədər davam edəcəyik.

Həsən Quluzadə

 

 

Seçilən
8
idmanxeber.az

1Mənbələr