Xəbər verildiyi kimi, paytaxtın Tbilisi prospekti, Tibb Universiteti, Rusiya səfirliyi və Semaşko xəstəxanası kimi tanınan 1 saylı Kliniki Tibbi Mərkəzin yaxınlığında yeni metrostansiya tikilib.
Bizim.Media xəbər verir ki, artıq stansiyada son tamamlanma işləri aparılır. Sakinlərin sözlərinə görə, illərdir təmiri gedən stansiyanın təhvil verilməsi onların hərəkətini xeyli rahatlaşdıracaq.
"Bakı Metropoliteni" QSC-dən bildirildi ki, b4 stansiyasının tikinti quraşdırma işləri hazırda iş qrafikinə uyğun sürətli şəkildə davam etdirilir. "8 Noyabr" - b4 stansiyaları arasında ümumi uzunluğu 1690 metr olan mənzil tunelləri tam olaraq inşa edilib.
"Bakı Metropoliteni"ninin rəsmisi bildirib ki, stansiyanın ilin sonuna qədər hazır olması və təhvil verilməsi nəzərdə tutulur.
Bəs stansiyanın adı nə olacaq? Bu yöndə müzakirə gedirmi? Ərazidəki mühüm tibb ocaqlarının mövcudluğu nəzərə alınaraq, yeni stansiyaya tanınmış tibb alimlərindən birinin, məsələn, Mustafa Topçubaşovun, yaxud milli qəhrəmanlardan birinin adı verilə bilərmi? Ümumiyyətlə, advermə proseduru necədir?
"Bakı Metropoliteni" QSC-dən Musavat.com-a bildirilib ki, mövcud qanunveriliciyə uyğun olaraq, stansiyalara adların verilməsi Nazirlər Kabinetinin səlahiyyətindədir və yeni stansiyanın adı ilə bağlı rəsmi məlumat yoxdur.
Qeyd edək ki, metrostansiyaların adları Azərbaycanda müstəqillik illərinə qədər SSRİ Nazirlər Soveti və Bakı Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsi tərəfindən müəyyənləşdirilirdi. Azərbaycan müstəqillik qazandıqdan sonra isə stansiyaların adlandırılması Nazirlər Kabinetinin səlahiyyətindədir.
Məlumat üçün bildirək ki, 1967-ci il 6 noyabrda fəaliyyətə başlayan Bakı metrosunda stansiyaların adları bir neçə dəfə dəyişdirilib.
Adları dəyişdirilən stansiyalardan biri də indiki "20 Yanvar" stansiyasıdır. 1985-ci ildən fəaliyyətə başlayan bu stansiyanın ilk adı "XI Qızıl Ordu Meydanı" olub. Məlum 20 yanvar hadisələri zamanı da stansiya "XI Qızıl Ordu Meydanı" kimi fəaliyyət göstərib. Hadisədən 2 il sonra, 27 aprel 1992-ci ildə stansiyanın adı "20 Yanvar"la əvəzlənib.
İndiki "28 May" stansiyası ilk illərdə "28 Aprel" adlandırılıb. Bu stasiyanın adı 9 aprel 1992-ci ildə dəyişdirilib.
1972-ci ildən fəaliyyətə başlayan "Avrora" stansiyası 27 aprel 1992-ci ildən "Qara Qarayev" adlandırılıb. "26 Bakı Komissarı" stansiyasının adı isə 9 aprel 1992-ci ildə "Sahil" olub.
"Bakmil" stansiyası da adı dəyişdirilənlərdəndir. 1979-cu ildə fəaliyyətə başlayan stansiyanın o vaxtki adı "Elektrozavod" olub. 1 yanvar 1993-cü il tarixində həmin ad "Bakmil" adı ilə əvəzlənib.
"Bakı Soveti"nin adı isə uzun müddət qalıb. Yalnız 25 aprel 2007-ci iltarixində "İçәrişәhәr" adı ilə əvəzlənib.
Adı dəyişdirilən hələlik sonuncu stansiya "Koroğlu"dur. 1972-ci ildə fəaliyyətə başlayan stansiyanın adı əvvəllər "Məşədi Əzizbəyov" olub. Lakin 30 dekabr 2011-ci il tarixində stansiyanın adı dəyişdirilib və "Koroğlu" adlandırılıb.(musavat.com)
Bizim.Media