Bakı, 21 fevral, AZƏRTAC
Bakıda batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku, “AGF Trophy”nin ilk günü başa çatıb.
AZƏRTAC xəbər verir ki, Milli Gimnastika Arenasında keçirilən turnirdə ev sahibi Azərbaycanla yanaşı, Qazaxıstan, Polşa, Türkiyə, ABŞ-dən olan, həmçinin neytral statusda çıxış edən gimnastlar bacarıqlarını nümayiş etdiriblər.
Batut gimnastikası üzrə idmançılar fərdi (qadınlar və kişilər), sinxron (qadınlar və kişilər) və qarışıq sinxron proqramlarda qüvvələrini sınayıblar. Yarışın ilk günündə təsnifat mərhələsi baş tutub.
Azərbaycanı batut gimnastikası üzrə Maqsud Mahsudov, Hüseyn Abbasov, Fərhad Vəliyev, Nicat Mirzəyev, Selcan Mahsudova, Şəfiqə Hümbətova, İbrahim Mustafazadə və Ayan Şabanova, tamblinq üzrə isə Mixail Malkin, Tofiq Əliyev, Adil Hacızadə və Bilal Qurbanov təmsil edirlər.
Təsnifat mərhələsinin nəticələrinə əsasən, batut gimnastikası üzrə fərdi proqramda Selcan Mahsudova və Maqsud Mahsudov, qarışıq sinxron proqramda Maqsud Mahsudov – Selcan Mahsudova cütlüyü, sinxron qadınlar proqramında Selcan Mahsudova – Şəfiqə Hümbətova, sinxron kişilər proqramında isə Maqsud Mahsudov – Hüseyn Abbasov cütlüyü final mərhələsinə vəsiqə qazanıb.
Tamblinq üzrə Tofiq Əliyev və Mixail Malkin də final mərhələsində çıxış etmək hüququ əldə ediblər.
Dünya Kubokuna fevralın 22-də yekun vurulacaq.