AZ

“Ramiz Mehdiyev işi” ilə Vaşinqton təxribatı arasında hansı oxşarlıqlar var?

Moderator.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Artıq bəlli bir müddətdir ki, “Ramiz Mehdiyev işi” ilə bağlı araşdırmalar davam edir. Bu araşdırmalarla bağlı Dövlət Təhlükəsizliyi Xidməti (DTX)  tərəfindən ictimaiyyətə təqdim edilən faktlar vaxtiylə hakimiyyətin ən yüksək pillələrində təmsil olunan bəzi şəxslərin Azərbaycana, milli maraqlarımıza necə böyük xəyanətlər etdiyini isbatlamaqdadır.

DTX-nın aşkara çıxardığı məlum xəyanət sübut edir ki, başda Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev olmaqla, bir qrup şəxs öz hakimiyyət maraqları naminə dövlətimizin siyasi müstəqilliyi üçün ciddi təhlükə yaradıb, xalqımızın taleyini faktiki olaraq sual altına qoyublar. Heç şübhə yoxdur ki, Ramiz Mehdiyev işi ilə bağlı aparılan araşdırmalar nəticəsində bu prosesdə iştirak edən digər şəxslər də müəyyən edilərək məsuliyyətə cəlb olunacaq, vətəninə arxa çevirən bu şəxslərin hər biri hər zaman nifrət və ikrah hissi ilə yad ediləcək.

Ümumilikdə isə Ramiz Mehdiyev və ona bağlı şəbəkə ilə bağlı DTX-nın həyata keçirdiyi əməliyyat ölkə daxilindəki anti-milli qüvvələrin böyük ölçüdə çökdürüldüyünü göstərir ki, bu da dövlətimizin, Prezidentimizin, onun daxili siyasi kursunun uğurudur.

Sülh Şurasının ABŞ-da keçirilən ilk iclasında iştirak etmək üçün bu ölkədə səfərdə olan Prezident İlham Əliyevə qarşı Vaşinqtonda gerçəkləşən təxribat cəhdi də anti-milli qüvvələrin dövlətimiz əleyhinə fəaliyyətindən xəbər verir. Əslində, istər “Ramiz Mehdiyev işi”, istərsə də Vaşinqton təxribatlarının ətraflı təhlili hər iki olay arasında xeyli oxşar məqamların olduğunu göstərir.

Birincisi, “Ramiz Mehdiyev” işi kimi Vaşinqton təxribatında da əsas hədəf Prezident İlham Əliyev yox, bütün Azərbaycandır. Hər iki işin “memarları” öz çirkin məqsədlərini reallaşdırmaq üçün Azərbaycanı qurban vermək, onu gözdən salmağa can atıblar.

İkincisi, hər iki təxribatda məqsəd fərdi ambisiyaların, şəxsi və ya qrup maraqlarının təmin edilməsi olub.

Üçüncüsü, hər iki hadisədə üçüncü tərəfin – xarici xüsusi xidmət orqanları və ya ermənipərəst dairələrin əli var. Ramiz Mehdiyevin xarici xüsusi xidmət orqanlarının nümayəndəsi ilə danışığı, habelə, Vaşinqton təxribatının ermənipərəst ANCA tərəfindən dəstəklənməsi deyilənlərə sübutdur.

Dördüncüsü, hər iki təxribat xalqdan, geniş sosial dairələrdən xəbərsiz halda, onların təqdiri və dəstəyi olmadan gerçəkləşib, aşkara çıxandan sonra xalq tərəfindən lənətlənib. Bu isə o deməkdir ki, hər iki addım anti-xalq mahiyyəti daşıyıb.

“Ramiz Mehdiyev işi” ilə Vaşinqton təxribatı xüsusi xidmət orqanlarımızın yüksək peşəkarlığını da ortaya çıxardı. Ramiz Mehdiyev və ona bağlı şəbəkənin DTX tərəfindən ifşası göstərdi ki, ölkəmizin xüsusi xidmət orqanları dövlətimizin və dövlətçiliyimizin keşiyində sayıqlıqla dayanıblar və bu məsələdə nə sapı özümüzdən olan baltalara, nə də xarici xüsusi xidmət orqanlarına aman vermirlər. Məhz buna görə də anti-milli qüvvələr dövlətimizə, onun rəhbərliyinə qarşı təxribatları ölkəmizdən kənarda – Almaniya, ABŞ və s. kimi dövlətlərdə  törətməyə çalışırlar. Lakin onlar unudurlar ki, harada, hansı məkanda gerçəkləşdirilməsindən asılı olmayaraq xəyanət xəyanətdir və hər bir xəyanətə görə cəza labüddür. Bu isə o deməkdir ki, Ramiz Mehdiyev kimi Vaşiqntondakı təxribatçıların da qanun qarşısında cavab verəcəyi gün uzaqda deyil.

Seymur ƏLİYEV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
1
moderator.az

2Mənbələr