AZ

İki kritik səhvə yol verdi, Rəşad Sadıqovu peşman etdi

Bu tur üçüncü yerin sahibi dəyişdi.

«Zirə» Suraxanıda öz mövqeyini «Turan Tovuz»a təhvil verdi.

Adını çəkdiyimiz rəqiblə ötən dörd dueldə öz qapısından top buraxmayan «Zirə» 7 dəqiqə ərzində iki dəfə meydanın mərkəzinə dəvət olundu.

Müdafiənin sağ cinahını bağlamaq tapşırığı almış İsmayıl İbrahimli oyunun içinə «gül düzdü».

Hər iki qol onun yer aldığı mövqedən edilən ötürmədən sonra vuruldu. Qolların ikisi də bir-birinə bənzədi.

Rəşad Sadıqov bu cür «şou»nu gözləmirdi. Bir də gözünü açdı ki, İsmayıl nə yerdədir, nə göydə% onu 26-cı dəqiqədə əvəzlədi.

Buna qədər isə necə deyərlər, qatar artıq getmişdi. «Zirə»lilərin nə baş verdiyini anlamaq üçün fasiləyə qədər vaxtı var idi, ayılmadılar.

Bu, onların cari mövsümdə keçirdiyi ən bərbad ilk hissə idi.

Fasilədən sonra oyuna ağırlıq qoymağa çalışdılar, şansları oldu, amma Sergey Samok yerində idi. Rusiyalı qapıçı dirəyin də köməkliyi ilə qonaqlara keçid vermədi.

İsmayıl İbrahimlinin iki kritik xətası «Zirə»ni 1 xaldan da məhrum etdi.

Zədə epidemiyası ilə üzləşmiş Rəşad Sadıqov, güman ki, qarşıdakı 2-3 turda İbrahimliyə o formanı geyindirməyəcək.

Axı göz, adətən, gördüyündən qorxar.

ELNUR

Seçilən
20
sportinfo.az

1Mənbələr