AZ

Keçid var, yol yoxdur: Piyadalar niyə qaydanı pozur və cərimələnir?

Son illər Bakıda və digər şəhərlərdə piyadaların yol hərəkəti qaydalarını pozması, xüsusilə də yolun müəyyən olunmamış hissəsindən keçməsi ilə bağlı hallar artmaqdadır.

Bir çox vətəndaş piyada keçidlərindən istifadə etmədən, avtomobillərin sıx hərəkət etdiyi yolları təhlükəli şəkildə keçməyə üstünlük verir. Bu isə həm yol-nəqliyyat hadisələrinin sayının artmasına, həm də piyadaların cərimələnməsi ilə bağlı narazılıqların yaranmasına səbəb olur.

Cəmiyyət arasında “piyadalar doğrudanmı cərimələnir?”, “bu cərimələr aktivdirmi?”, “ödənilməsə nə baş verir?” kimi suallar getdikcə daha çox səslənir.

Mövzu ilə bağlı hüquqşünas Nərgiz Sərdarova NOCOMMENT.az-a açıqlamasında bildirib ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən, piyadaların yol hərəkəti qaydalarını pozması inzibati məsuliyyət yaradır:

“Yolun piyada keçidi olmayan hissəsindən keçmək, işıqforun qadağanedici siqnalına baxmayaraq hərəkət etmək, nəqliyyat vasitələrinin hərəkətinə mane olmaq kimi hallar qanun pozuntusu hesab olunur. Bu cür hallara görə piyadalara adətən pul cəriməsi tətbiq edilir.

Mövcud qanunvericiliyə əsasən, piyada tərəfindən yol hərəkəti qaydalarının pozulmasına görə 20 manat məbləğində cərimə nəzərdə tutulur.

Bu cərimələr elektron qaydada və ya polis əməkdaşları tərəfindən protokol tərtib edilməklə rəsmiləşdirilə bilər.

Cərimə tətbiq olunduqdan sonra vətəndaşın onu müəyyən olunmuş müddət ərzində ödəmək öhdəliyi yaranır. Qanuna görə, inzibati cərimə 30 gün ərzində ödənilməlidir. Əgər bu müddət ərzində ödəniş həyata keçirilməzsə, əlavə sanksiyalar tətbiq oluna bilər. Belə ki, cərimə məbləği artırıla, şəxs barəsində icra tədbirləri görülə və iş məhkəmə icraçılarına yönləndirilə bilər. Bəzi hallarda isə bank hesablarına məhdudiyyət qoyula, ölkədən çıxışla bağlı problemlər yarana bilər. Bu baxımdan piyadalar cəriməni vaxtında ödəmədikdə, sonradan daha ciddi hüquqi çətinliklərlə üzləşə bilərlər.

Bununla yanaşı, bir çox piyadalar bilərəkdən keçidlərdən istifadə etmir və qısa yolu seçərək birbaşa yolun ortasından keçməyə üstünlük verir. Sakinlərin sözlərinə görə, bəzən piyada keçidinə çatmaq üçün yüzlərlə metr yol getmək lazım gəlir, yeraltı və yerüstü keçidlərdə isə şərait qənaətbəxş olmur.

Bir çox keçiddə eskalatorların işləməməsi, liftlərin olmaması, pilləkənlərin dik və təhlükəli olması xüsusilə yaşlılar, əlillər, uşaqlı valideynlər və səhhətində problem olan şəxslər üçün ciddi çətinlik yaradır.

Uşaq arabası ilə hərəkət edən valideynlər, hərəkət məhdudiyyəti olan şəxslər və ürək-damar xəstəliyindən əziyyət çəkən insanlar üçün belə keçidlərdən istifadə bəzən mümkün olmur.

Piyadaların cərimələnməsi qanunla nəzərdə tutulsa da, problemin yalnız cərimə ilə həll edilməsi mümkün deyil. Dövlət və aidiyyəti qurumlar paralel olaraq infrastruktur problemlərini də aradan qaldırmalıdır”.

Nərgiz Sərdarova qeyd edib ki, piyadalar üçün yaradılan şərait yetərli olmadıqda, vətəndaşlardan qaydalara tam əməl etməyi gözləmək çətindir:

“Bir çox yeraltı keçidlərdə eskalatorlar işləmir, lift yoxdur, pilləkənlər köhnə və təhlükəlidir. Yaşlı insan, xəstə şəxs və ya uşaq arabası ilə hərəkət edən valideyn üçün bu keçidlərdən istifadə real problemə çevrilir. Belə hallarda insanlar istər-istəməz qısa və daha rahat yolu seçir. Bu isə onları həm təhlükə altına salır, həm də cərimə riski yaradır”.

Onun sözlərinə görə, piyadalar yol qaydalarını pozduqda inzibati məsuliyyət daşısalar da, dövlət qurumları da vətəndaşların təhlükəsiz və rahat hərəkəti üçün uyğun şərait yaratmalıdır.

“Əgər keçidlər əlçatan, təhlükəsiz və istifadəyə yararlı olarsa, insanların qaydalara əməl etmə ehtimalı da yüksələcək. Yalnız cərimə tətbiq etməklə məsələni kökündən həll etmək mümkün deyil”.

Hüquqşünas əlavə edib ki, cərimə tətbiq olunan şəxs onunla razılaşmadıqda, məhkəməyə müraciət etmək hüququna malikdir:

“Əgər vətəndaş sübut edə bilsə ki, keçid istifadəyə yararsız vəziyyətdə olub və ya təhlükə yaradıb, bu, işə yenidən baxılması üçün əsas ola bilər”.

Tunar
NOCOMMENT.az

Seçilən
14
nocomment.az

1Mənbələr