AZ

Rusiyadan Ermənistana gözlənilməz TƏHDİD – Nə baş verir?

Ermənistanda seçkilər yaxınlaşdıqca Rusiyanın İrəvana qarşı təhdid və təzyiqləri artır. Bu təzyiqlər özünü həm siyasi, həm də iqtisadi müstəvidə göstərir.

Ermənistanın baş naziri Nikol Paşinyan keçən həftə sonu Rusiyanın Ermənistandakı dəmiryolu konsessiyasını hər iki tərəfə dost ölkəyə, məsələn Qazaxıstana, BƏƏ-yə və ya Qətərə satmasını təklif edib. Paşinyanın sözlərinə görə, Ermənistanın Rusiyaya qarşı heç bir iddiası yoxdur, lakin Rusiya konsessiyası  ölkəyə müəyyən rəqabət itkiləri yaradır.

Lakin bu təklif Moskva tərəfindən heç də yaxşı qarşılanmayıb.

Belə ki, Rusiya Təhlükəsizlik Şurasının sədri Sergey Şoyqu Paşinyanın təklifini "təhlükəli bir eksperiment" kimi dəyərləndirərək, onun bütün ağırlığını adi erməni vətəndaşlarının ödəməli olacağı mesajını verib.

Şoyqunun fikrincə, bu istiqamətdə iki onillik ərzində qurulmuş sistem bir gecədə çökə bilər.

Hətta Şoyqu iddia edib ki, heç bir ölkə Ermənistan dəmiryollarını idarə etməkdə rus şirkətini tam əvəz edə bilməyəcək.

TŞ sədrinin sözlərinə görə, Cənub Qafqaz Dəmir Yolu (CQD) vasitəsilə Ermənistanın ehtiyacları üçün bütün həyati əhəmiyyətli yüklər, hər il 500 mindən çox sərnişin, 1,6 milyondan çox ton yük daşınır.

Rusiya Ermənistanı iqtisadi çöküşlə təhdid edir?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə bildirib ki, Rusiyanın sözə baxmayan Ermənistanı iqtisadi baxımdan çökdürmək cəhdi alınmayacaq:

“İndiki vəziyyətdə Rusiyanın Ermənistanı iqtisadi çöküşlə təhdid etməsi mümkünsüzdür. Rusiya indi o halda deyil ki, Ermənistana hər hansı bir real təhdid, təzyiq göstərsin. Belə bir təhdidlə çıxış edən Şoyqu vaxtilə müdafiə naziri kimi mühüm bir vəzifədə olsa da, indi əhəmiyyətsiz bir vəzifədədir. Digər tərəfdən, Rusiyanın hazırkı durumda Ermənistanı çökdürmək imkanları çox məhduddur”.

Politoloqun fikrincə, məhz onun nəticəsidir ki, Moskva Paşinyana qarşı hansı karta əl atsa da, hamısı vurulub:

“Kilsə, Samvel Karapetyan kartları vurulub. İndi Rusiyanın əlində Ermənistana qarşı heç bir kartı qalmayıb. Odur ki, indiki anda Ermənistanda əsas təsir gücünə malik olan Qərbdir, Türkiyə və Azərbaycandır.

Müsahibimiz hadisələrin inkişafına əsasən qeyd edir ki, Ermənistan öz gələcəyini Türkiyə və Azərbaycanla yaxın bağlılıqda görür:

“İrəvan çalışır ki, beynəlxalq yük daşımalarında hansısa bir rol oynasın, Azərbaycanla dəmir yolunu bərpa etsin. Rusiya dəmir yolları isə sanksiya altındadır və onun götürülməsi də gözlənilmir. Odur ki, Ermənistan dəmir yolları Rusiyanın idarəçiliyi fonunda heç zaman beynəlxalq yük daşımalarında rol oynaya bilməyəcək. Paşinyan bu səbəbdən Rusiyaya təklif edir ki, ya bərpası tələb olunan yolları bərpa etsin, bunu etmirsə, özünə yaxın bir dövlət tapıb onun vasitəsilə prosesi həyata keçirsin. Bu ağlabatan təklifdir. Paşinyan da tədricən istədiklərinə nail olur”.

Rüfət Sultan, Bizim.Media

Seçilən
15
1
bizim.media

2Mənbələr