"Oilmar" şirkətinin bunkerlənmə istiqaməti 2020-ci ildə qurulub və o vaxtdan bəri məhz mənim rəhbərliyim altında fəaliyyət göstərən menecment bu biznesi ardıcıl olaraq inkişaf etdirib. Şirkətin kapitalına passiv investor kimi daxil olan Adnan Əhmədzadə əməliyyat fəaliyyətində bir gün belə iştirak etməyib...
Yurd.Media xəbər verir ki, bunu keçmiş yüksək vəzifəli SOCAR rəsmisi və hazırda iş adamı olan Adnan Əhmədzadənin həbsindən sonra onun adı ilə əlaqələndirilən müxtəlif şirkətlərdə səhmlərin yenidən bölüşdürülməsində yer alan və Dubayda fəaliyyət göstərən Oilmar Shipping and Chartering DMCC Baş direktoru Yusif Məmmədov "Haqqın.az"a müsahibəsində bildirib.
"Şübhəsiz ki, onun həbsindən sonra reputasiya və əməliyyat riskləri yarandı və bu vəziyyətdə mən, uzun illər bu biznesi quran rəhbər və insan olaraq, tam məsuliyyəti öz üzərimə götürmək qərarına gəldim və payın idarəetmə alışını təşəbbüs etdim.
Bu gün Oilmar DMCC keçmiş benefisiardan tam və hüquqi cəhətdən təcrid olunub, 100% baş direktor kimi mənə məxsusdur və başqa benefisiarları yoxdur. Bu qərar yalnız şirkətin və onun gələcəyinin maraqları naminə qəbul edilib", - o deyib.
O qeyd edib ki, Əhmədzadəyə qarşı irəli sürülən ittihamların şirkətin biznesinə, onun əməliyyatlarına və ya əsas istiqamətlərinə heç bir aidiyyəti yox idi və yoxdur. Əməliyyat fəaliyyəti baxımından da əhəmiyyətli dəyişikliklər baş vermədi:
"Əslində Oilmar-ın biznes modelinin transformasiyası hələ 2020-ci ildə - bütün sonrakı hadisələrdən çox əvvəl başlamışdı. Biz ardıcıl olaraq bunker yanacağı ticarətinə keçirdik və son üç il ərzində məhz bu istiqamət bizim üçün əsas və sistemli inkişaf edən sahədir.
Gizlətmirəm, cənab Əhmədzadə ilə bağlı hadisələr, şübhəsiz ki, əlavə əməliyyat çətinlikləri yaratdı, lakin şirkətin fəaliyyətinin özündə dəyişikliklərə səbəb olmadı. Müştərilər, xidmət keyfiyyəti və öhdəliklərin icrası baxımından hər şey əvvəlki kimidir - müqavilələr tam həcmdə icra olunurdu və icra olunmağa davam edir. Biz bu dövrü maksimum açıqlıq və məsuliyyətlə keçdik. Menecmentin vəzifəsi biznesin sabitliyini qorumaq, əməkdaşları və tərəfdaşları müdafiə etmək və addım-addım bazarın etimadını bərpa etmək idi. Oilmar bu gün də məhz bununla məşğuldur", - o vurğulayıb.
Poliqon.info