AZ

“Məktəb mühitində mediasiya və psixoloji yanaşma” mövzusunda forum keçirilib



Azərbaycan Respublikası Təhsil Nazirliyinin Mil - Muğan Regional Təhsil İdarəsinin dəstəyi və Sabirabad 1 saylı Mediasiya Təşkilatının təşkilatçılığı ilə “Məktəb mühitində mediasiya və psixoloji yanaşma” mövzusunda forum keçirilib.

Newscenter.az xəbər verir ki, forum Əli Qurbanov adına Qalağayın kənd tam orta ümumtəhsil məktəbində baş tutub. Tədbirdə Bakı 24 saylı mediasiya təşkilatının direktoru Ülkər Zülfüqarova, Sabirabad 1 saylı mediasiya təşkilatının direktoru Musa Ramazanov, Ağdaş 1 saylı mediasiya təşkilatının direktoru Rövşən İsmayılov və Şəmkir 1 Saylı Mediasiya Təşkilatının mediatoru Anar Hacıyev, Sabirabad rayonunun ümumi təhsil müəssisələrinin müəllim və psixoloqları iştirak ediblər.

Forum çərçivəsində məktəblərdə mediasiya mexanizmlərinin tətbiqi, münaqişələrin konstruktiv həlli yolları, emosional intellektin inkişaf etdirilməsi və şagirdlərdə məsuliyyət hissinin formalaşdırılması kimi mühüm mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Çıxış edənlər qeyd ediblər ki, məktəbdə təhlükəsiz və dəstəkləyici mühitin yaradılması yalnız intizam qaydaları ilə deyil, eyni zamanda qarşılıqlı anlaşma, empatiya və düzgün psixoloji yanaşma ilə mümkündür. Vurğulanıb ki, mediasiya məktəb mühitində qarşılıqlı hörmətin gücləndirilməsinə, şagirdlərin sosial bacarıqlarının inkişafına mühüm töhfə verir. Psixoloqlar isə emosional intellektin erkən yaşlardan inkişaf etdirilməsinin uşaqların həm akademik, həm də sosial uğurlarına birbaşa təsir göstərdiyini bildiriblər.
İştirakçılar gələcəkdə bu istiqamətdə birgə fəaliyyətin davam etdirilməsinin vacibliyini qeyd edərək, məktəblərdə sağlam münasibətlərin qurulmasının cəmiyyətin gələcəyinə sərmayə olduğunu vurğulayıblar.

Süleyman
Seçilən
17
1
newscenter.az

2Mənbələr