AZ

BMU ilə UNICON.UZ arasında əməkdaşlıq müzakirə olunub

Bakı Mühəndislik Universiteti (BMU) ilə Özbəkistan Respublikasının Elmi, Texniki və Marketinq Tədqiqatları Mərkəzi (UNICON.UZ) arasında onlayn əməkdaşlıq görüşü keçirilib.

AzEdu.az xəbər verir ki, görüşdə BMU-nun professor-müəllim heyəti və UNICON.UZ-un əməkdaşları iştirak ediblər. Tərəflər elmi tədqiqatların inkişafı, texnoloji layihələrin həyata keçirilməsi, eləcə də birgə tədris proqramlarının təşkili istiqamətində fikir mübadiləsi aparıblar. 

BMU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Ətrabə Gül çıxışında UNICON.UZ ilə əməkdaşlıq imkanlarını yüksək qiymətləndirərək bu görüşün gələcəkdə qarşılıqlı faydalı layihələrin həyata keçirilməsi üçün möhkəm zəmin yaradacağına əminliyini ifadə edib. 

Görüş zamanı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi ilə Özbəkistanın Ali Təhsil, Elm və İnnovasiyalar Nazirliyi tabeliyindəki İnnovativ İnkişaf Agentliyi arasında elmi fəaliyyət sahəsində əməkdaşlığa əsasən elan olunmuş “Özbəkistan-Azərbaycan” birgə beynəlxalq elmi müsabiqə ilə bağlı məsələlərə də diqqət yetirilib. Bu çərçivədə BMU-nun Avtomatika, telekommunikasiya və energetika kafedrasının əməkdaşlarından ibarət tədqiqat qrupunun formalaşdırıldığı və müvafiq layihənin hazırlandığı bildirilib. 

Sonda layihənin detalları geniş müzakirə olunub, elmi əlaqələrin möhkəmləndirilməsi və gələcək birgə təşəbbüslərin inkişafı ilə bağlı razılıq əldə edilib. Qeyd olunub ki, bu əməkdaşlıq həm təcrübə mübadiləsinə, həm də innovativ və tətbiqyönümlü layihələrin formalaşmasına mühüm töhfə verəcək. 

Seçilən
13
1
azedu.az

2Mənbələr